AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi tarixçi Rizvan Hüseynov Calibre.az saytının jurnalisti Samid Əliyevə verdiyi müsahibədə ideologiyanın tarixə təsiri, tarixi faktların saxtalaşdırılması, ermələrin regionumuzda yerləşdirilməsi, azərbaycanlıların Zəngəzura qayıdış mexanizmi, Ermənistanda Azərbaycana məxsus abidələrin vəziyyəti və s. məsələlər barədə maraqlı fikirlər açıqlayıb. O, qeyd edib ki, hər hansı yerdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən əşya və s. sonra tarixçilərin analizinə verilir və bu zaman bir sıra uyğunsuzluqlar baş verir, arxeologiya özü isə qeyri-dəqiq elmə çevrilir. Adətən tarixi mənbənin nə vaxtsa yazılmış əl yazmalardakı fikirlərdən ibarət olduğuna da R.Hüseynovun öz münasibəti var. O, qeyd edir ki, əlyazmalar hansısa tərəfin öz mənafeyinə uyğun hazırlandığına görə onu əsil tarixi fakt kimi qəbul etmək mümkün deyil. XII əsrdən başlayaraq diplomatiyada fars dilinin önə çıxarılmasının təşəbbüskarlarının və müəlliflərinin türklər olduğunu vurğulayan R.Hüseynov həmin dövrdən İslamın məhz türklər tərəfindən mühafizə olunduğu, türklərin səlib yürüşlərinə qarşı mübarizədə əsil qəhrəmanlıq nümayiş etdirdiyini bildirərək əlavə edib ki, «Hnçak», «Armenakan», «Daşnaksütyun» partiyalarının ümumi ideologiyasında osmanlılara qarşı mübarizə faktı da məhz Avropanın əli ilə yaradılıb. R.Hüseynov göstərib ki, xüsusilə «Daşnaksütyun» partiyası Çar Rusiyasının mənafeyinə xidmət üçün yaradılıb, amma 1905-ci ildəki inqilab zamanı «daşnaksütyun» öz ağasına - Çara qarşı mübarizə aparıb və bu əməlinə görə Çarın maddi və mənəvi dəstəyindən məhrum olub. Müsahibədə Qaragin Njdenin «Çeğakron» (ermənicədən tərcüməsi soydini deməkdir) ideologiyasının da tarixi saxtakarlıq üzərində qurulan ideologiya olduğu qeyd olunur.
Daha sonra bildirilir ki, ermənilər şərabın ilk dəfə ermənilər tərəfindən icad edildiyini beynəlxalq qurumlar tərəfindən də təsdiqlədib və bununla bağlı müvafiq sənəd əldə ediblər, amma gürcülər bu saxtakarlıqla barışmayaraq beynəlxalq təşkilatlara müxtəlif tarixi sənədlər təqdim etməklə erməni saxtakarlığının ləğv edilməsi ərəfəsindədir. Digər maraqlı məqam isə «erməni konyakı» adı ilə bağlıdır. Bu Ermənistanın bacısı Fransanın narazılığına səbəb olub və tarixi faktlarla sübuta yetirilib ki, konyak ilk dəfə Fransanın Konyak şəhərində kəşf edilib və sonra ermənilər həmin içkinin hazırlanma prosesini mənimsəyərək özününküləşdirmişlər. R.Hüseynov müsahibəsində onu da xatırladıb ki, 2 ildən sonra «erməni konyakı» ifadəsinin işlədilməsi qadağan olunacaqdır. Tanınmış tarixçi alimin açıqladığı digər maraqlı məsələ də ermənilərin özününküləşdirdiyi əlifba barədədir. O, bildirir ki, ermənilərin Mesrop Maştoç barədə uydurduğu saxtakarlıq belədir: guya M.Maştoç IV əsrdə indiki Füzuli rayonunda yaşayıb və erməni əlifbasını bir qədər sonra isə gürcü əlifbasını yaradıb. İndiki erməni əlifbasının Albaniyada ümumi işlək əlifba olduğunu və onun ermənilərə heç bir aidiyyatının olmadığını tarixi faktlarla vurğulayan R.Hüseynov erməni alimi Papazyanın da erməni tarixçilərinin saxtakarlıqlarını üzə çıxardığını bildirib. Qərbi Azərbaycanda ermənilərin yerləşdirilməsinin də Avropanın və Rusiyanın maraqlarına uyğun olduğunu vurğulayan R.Hüseynov jurnalistin sualına cavab olaraq bildirib ki, çarizm vaxtı Qərbi Azərbaycanda 318 məscid, qala, karvansara mövcud olub və bu da həm Papazyanın, həm də Məşədixanım Nemətovanın əsərlərində özünə yer tapıb. O, qeyd edib ki, həmin abidələrdən yalnız Göy məscid dağıdılmayıb, amma həmin məscid farslaşdırılıb. Halbuki həmin məscidin azərbaycanlı hökmdar tərəfindən neçənci ildə və nə qədər vaxtda tikildiyi barədə əlyazma mövcuddur. Ermənilərin Eçmiəzdin adlandırdığı Üçkilsənin də albanlara aid olduğunu və sonra ermənilərə bağışlandığını bildirən R.Hüseynov əlavə edib ki, 1915-ci ildə Osmanlı əleyhinə qiyam qaldıran ermənilərin törəmələrinin «soyqırımı» saxtakarlığı ilə vay-şivən qoparmaları da heç bir tarixi fakta söykənmir. O, bildirib ki, erməni tarixçiləri arxiv sənədlərini açmağa və oradakı faktları ictimailəşdirməyə ona görə razı olmurlar ki, həmin sənədlərdə ermənilərin soyqırıma məruz qaldığı deyil, məhz vətəndaşı olduqları Osmanlı dövlətinə qarşı xəyanətlər sübut olunur. Erməni tarixçilər də qeyri-rəsmi söhbət etdiyini və onların çoxunun məhz qorxduqlarına görə faktları saxtalaşdırmağa məcbur olduqlarını açıqlayan R.Hüseynov ermənilərin öz saxta ideologiyaları naminə çoxsaylı soydaşlarını məhv etməyə hazır olduqlarını bildirib və xatırladıb ki, şairə Silva Kaputikyan 1988-ci ildə məhz belə deyib: «Biz Bakıdakı erməniləri qurban verməyə hazırıq, təki «Dağlıq Qarabağ» anası Ermənistana qovuşsun». Sovet hakimiyyəti illərində Azərbaycanın bütün gəlirli sahələrində, o cümlədən neft resursları sahəsində ermənilərin çoxluq təşkil etdiklərini və Azərbaycanda yaşayan digər xalqlarla müqayisədə daha çox varlanmaları haqqında tarixi faktlar açıqlayan R.Hüseynov soydaşlarımızın Qərbi Azərbaycandan qovulması kimi tarixi faciəyə də xüsusi münasibət bildirərək deyib ki, onların qovulması da məhz Avropanın və Şimal qonşumuzun ssenarisi əsasında baş tutub. Azərbaycanın 30-cu illərdəki hakimiyyətinin və elm sahəsinin tariximizə vurduğu ziyan barədə də danışan R.Hüseynov, bəlkə də, hamımız üçün yenilik olan bir acınacaqlı faktı da vurğulayıb. O, deyib ki, həmin vaxt Stalin bütün millətlərin tarixinin yazılması və Moskvaya təqdim edilməsini tapşırıb. Ermənistan və Gürcüstan tarixçiləri birləşərək öz millətlərinin tarixi barədə genişhəcmli əsər hazırlayıblar. Azərbaycandan göndərilən «tarixi əsərdə» isə xalqımızın əsil tarixi deyil, saxtakarlıqlar, uydurmalar özünə yer alıb. Ona görə də SSRİ xalqlarının tarixinə dair dərsliklərdə erməni və gürcü xalqlarının keçdiyi yol barədə fikirlər olsa da Azərbaycan haqqında yalnız «işğalçı, barbar» ifadələri işlədilir.
Müxbirin Qərbi Azərbaycanın gələcəkdə taleyinin necə olacağı barədə sualını cavablandırarkən isə R.Hüseynov tarixi torpaqlarımızın azad ediləcəyinə tam əminliyini ifadə edib və əlbəttə, bu Müzəffər Ali Baş Komandanımızın qüdrəti sayəsində baş verəcəkdir.
Hazırladı: Nəsib QARAMANLI