Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Ermənistanda səfərdədir. Ermənistan xarici işlər nazirliyinin məlumatına görə, sentyabrın 16-sına dək davam edəcək səfər zamanı fransız nazirin erməni həmkarı Mirzoyanla rəsmi görüşü olacaq. Daha sonra birgə mətbuat konfransının təşkili nəzərdə tutulub. Təsadüfi deyil ki, fransalı rəsmilərin bu ölkəyə təkil etdiyi səfərlərdən sonra ya sursat ixracı aparılır, ya da bölgədə yeni təxribatlar törədilir. Bu baxımdan siyasi şərhçilər hesab edirlər ki, Stefan Sejurnenin səfəri də destruktiv xarakter daşıyır və bölgədəki sabitliyi pozmağa yönəlib.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiir, siyasi şərhçi İlyas Hüseynov məsələyə münasibət bildirərkən “ARB24”-ə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması üzrə 80 faiz maddələr razılaşdırılıb: “Sərhədlərarası komissiyanın əldə etdiyi nəticə reqlamentin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu da mühüm göstərici hesab oluna bilər və belə irəlləyişlərin fonunda Fransanın xarici işlər naziri Ermənistana səfər etməklə, həm də öz qərəzli məqsədlərini irəli sürə bilər. Ermənistanın sülhdən uzaqlaşdırılması, vaxt udmaq, həm ATƏT-in Minsk qrupu, həm də Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələləri yubatmaq, sanki Parisin siyasi diqtəsi kimi görünür”.
Fransız nazir səfərdən öncə sosial şəbəkə hesabındakı paylaşımında Ermənistanın növbəti dəfə rəğbətini nümayiş etdirib. O, Fransanın Ermənistanın yanında olduğunu bildirərək iki ölkəni tarixi tərəfdaş adlandırıb. Fransanın Ermənistanın müstəqilliyinə, ərazi bütövlüyünə və sülh istəyinə dəstəyinin sarsılmaz olduğunu bildirib. Təbii ki, burda təəccüb doğuran odur ki, Makron hökuməti həm öz qanunverici orqanlarına, həm də üzv olduğu bütün beynəlxalq təşklatlar vasitəsilə davamlı olaraq anti-Azərbaycan siyasəti yürüdür. Bu da azmış kimi Yenisey Sarayı ölkəmizə qarşı qətnamə layihələri irəli sürür. Ermənistanı müasir hücum silahları ilə təchiz edərək regionda melitalizasiya siyasəti həyata keçirir. Paris İrəvanı bölgədə dağıdıcı siyasət yürütməyə sürükləyərək sülh danışıqlarından da uzaqlaşdırmağa çalışır.
Tahirə AĞAMİRZƏ