Dekabrın 7-də səkkizinci çağırış Ermənistan paramentinə seçkilər zamanı tələb olunan qədər səs toplaya bilməyən Təhlükəsizlik və Demokratiya partiyasının sədri, sabiq deputat Naira Zohrabyanın «Hraparak» informasiya agentliyinə müsahibəsi dərc olunub. «Nikolizm güclü sektadır» başlığı ilə yayılmış həmin müsahibədə 2021-ci ildə keçirilən seçkiləri öz ampulası ilə dəyərləndirən N.Zohrabyan 44 günlük ikinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətinin səbəbkarının Nikol Paşinyan və onun komandasının olduğunu vurğulayıb. O, AŞPA-da Ermənistanın nümayəndəsi kimi öz fəaliyyətinə də toxunaraq bildirib ki, guya həmişə azərbaycanlı deputatları tutarlı faktlarla susdurub. Yəqin ki, öz fiqurasını həm də siyasi mülahizələri ilə zənginləşdirib daim diqqətdə qalmaq istəyən N.Zohrabyan «Hayastan» blokunun deputatlarının da bostanına daş atıb. Qeyd edib ki, bu fraksiyanın tərkibində olan Ruben Melkonyan və Robet Hayrapetyan «Nikolizm sektası»na qarşı mübarizə aparsalar da, heç bir nəticəyə nail ola bilmədiklərinə görə deputat mandatından imtina etmişlər. Amma digərləri müxtəlif bəhanələrlə yenə də deputatdırlar. Azərbaycanla danışıqların Ermənistan və «arsax» üçün faydalı olmayacağını özünəxas şərh edən N.Zohrabyan təkrar seçki keçiriləcəyi təqdirdə «Vətəndaş müqaviləsi»nin yenə də ən çox səs toplaya bilmək ehtimalı barədə sualı isə o, belə cavablandırıb ki, növbəti seçkidə «Nikolizm sektası lap az səs qazanacaq. Çünki Paşinyan hökumətinin fəaliyyəti xalqı uçuruma aparır». Amma bu sektanın hələlik güclü olduğunu və müxalifəti susdura bildiyini vurğulayan sabiq deputat növbəti seçkidə öz partiyasının qalib gələcəyinə və hətta hökuməti təşkil edəcəyinə inandığını bildirib.
Nəsib QARAMANLI