Bu siyasətin tarixi əslində uzun əsrləri əhatə edir. Hələ soyuq müharibə illərində Qərb dövlətləri keçmiş SSRİ və onun təsir dairəsindəki ölkələrə öz təsir gücünü artırmaq üçün müxtəlif üsullardan istifadə edirdi. Yaratdığı müxtəlif fondlar vasitəsilə hədəf seçdiyi ölkələrdə ianələr adı ilə müxtəlif təşkilatları, media strukturlarını, ictimai fikrə təsir edə biləcək şəxsləri ələ almağa çalışırdı. Bu qəbildən olan planlardan bir də “Dalles planı” və ya “Dalles doktrinası”dır.
Konspirasiya nəzəriyyəsinə görə, ABŞ-nin SSRİ-yə qarşı fəaliyyət planı olan “Dalles doktrinası” soyuq müharibə dövründə hazırlanıb. SSRİ əhalisinin gizli şəkildə mənəvi deqradasiya olunmasına hesablanan planın müəllifi mərkəzi kəşfiyyat idarəsinin 1953-1961-ci illərdə rəhbəri olan Allen Dalles hesab olunur.
Bu planın məqsədi Qərbə tabe olmayan ölkələri təbliğat ilə məhv etmək idi: millətlər və sosial qrupların parçalanması, adət-ənənələrin, mənəvi dəyərlərin itirilməsi və əhalinin mənəvi olaraq çürüməsi.
Dallesə aid olduğu deyilən mətn ilk dəfə 1990-cı illərin əvvəllərində Rusiya mətbuatında dərc olunub. Sonradan buna bənzər planlar digər Qərb dövlətləri tərəfindən də hazırlanmağa başlanıldı. Qərbə tabe olmayan ölkələrdə qarışıqlıq yaradılması planlarında ABŞ ilə yanaşı Fransa da xüsusi fəallıq göstərməyə başladı.
Müasir dövrdə Yaxın Şərqdə və Şərqi Avropada müharibələr, hərbi əməliyyatlar davam edir. Nəticədə dövlətlər qanlı münaqişələrə cəlb olunur. Qərbin Rusiya ilə qarşıdurması fonunda müstəqil və suveren siyasət aparan ölkələr hədəfə çevrilir. Qərb dairələrinin həmin ölkələrin daxili işlərinə müdaxiləsi qarşıdurmalar və hibrit müharibələr vasitəsilə reallaşır. Hədəf seçilən ölkənin vətəndaşlarına təsir etmək üçün yaradılan xüsusi mediaresurslar və blogerlər işə salınır. Qərbdən idarə olunan müxtəlif təşkilatların layihələrinə donor qismində maliyyə ayrılır. Bununla da Qərb müxtəlif üsul və rıçaqlarla cəmiyyətlərə təsir etməklə hədəf dövlətlərə təzyiqlər göstərir. Qərb postsovet məkanında QHT-ləri maliyyələşdirərək gərginlik yaratmaq üçün əhalidən istifadə edir. Bu zaman əhalinin etiraz etmək potensialı həyata keçiriləcək planın bir hissəsi olaraq işə düşür. Lakin bu da işə yaramadıqda hərbi qarşıdurmalar başlayır. Həmin ölkələr müxtəlif müharibələrin meydanına çevrilir.
Son bir neçə aydır Avropa İttifaqının “Kəşfiyyat-müşahidə missiyası” tez-tez Azərbaycan-Ermənistan sərhədində görünür. Özlərinin rəsmən Azərbaycan torpağı kimi tanıdığı ərazilərin işğaldan azad edilməsini “etnik təmizləmə” adlandırır. Günahsız azərbaycanlıların qanına əlini batırmış terrorçuları “siyasi məhbus” adlandıraraq Azərbaycana təzyiq göstərir. Bu da yeni bir “Qərb planı”nın işə düşməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, yazı “Belə-belə işlərin” youtube kanalında gedən materialdan hazırlanıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ