Bu fikirləri “Ortaq Gələcək İcması üçün Pakistan Tədqiqat Mərkəzi”nin icraçı direktoru Xalid Teymur Akram bildirib. O, Zəngəzur dəhlizinin Pakistan və Mərkəzi Asiya üçün Qərb bazarlarına alternativ çıxış baxımından gətirə biləcəyi üstünlükləri şərh edib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Avrasiya regionunda ən maraqlı və mühüm layihələrdən biridir. Ekspert hesab edir ki, bu marşrut təkcə Azərbaycan üçün deyil, həm Pakistan, həm də Mərkəzi Asiya ölkələri üçün əsl irəliləyiş olacaq.
“Bu dəhliz təkcə ölkələri birləşdirməyəcək, həm də bütün region üzrə ticarət, inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açacaq. O, Azərbaycanın Şərqlə Qərb arasında əsas körpü kimi əhəmiyyətini xeyli artıracaq. Azərbaycanı birbaşa Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirərək Xəzər dənizindən Aralıq dənizinədək fasiləsiz quru marşrut yaradacaq”, – deyə Xalid Teymur Akram vurğulayıb.
Bununla bağlı ekspert diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin mərkəzi hissəsinə çevriləcək: “Beləliklə, Azərbaycan mühüm ticarət və nəqliyyat qovşağına çevriləcək. Bu, ölkəyə daha çox investisiyanın cəlb edilməsinə və iqtisadiyyatın yalnız neft və qaz sahəsindən asılı olmadan inkişafına kömək edəcək. Bu layihə Prezident İlham Əliyevin güclü iradəsini və liderliyini parlaq şəkildə nümayiş etdirir. O, Azərbaycanın regional nəqliyyat əlçatanlığı sahəsində liderə çevrilməsi üçün böyük səylər göstərib”.
Mərkəzi Asiya respublikaları üçün Zəngəzur dəhlizinin dünya bazarlarına çıxışı baxımından yeni və müstəqil marşrut yaradacağını qeyd edən Xalid Teymur Akram əlavə edib ki, bu dəhliz həm də mövcud nəqliyyat yollarından asılılığı azaldacaq.
“Nəticədə onların iqtisadi təhlükəsizliyi güclənəcək, Azərbaycan, Türkiyə və Pakistanla əməkdaşlıq üçün yeni imkanlar açılacaq”, – deyə o vurğulayıb.
Analitikin fikrincə, Zəngəzur dəhlizi geniş perspektivlərə malik ümidverici layihədir.
“O, Azərbaycanı əsas regional körpüyə çevirəcək, Pakistan və Mərkəzi Asiyanı Avropaya yaxınlaşdıracaq və ticarət və əlaqələr vasitəsilə sülhə və rifaha töhfə verəcək. Bu layihə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində regional əməkdaşlığın nümunəsi kimi yüksək qiymətə layiqdir”, – deyə ekspert yekunlaşdırıb. (AZƏRTAC)