Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
O bildirib ki, Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində İnsan Hüquqları üzrə Ümumi Bəyannamədə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulub, onların şərəf və ləyaqəti tapdanıb. Lakin qisas qiyamətə qalmayıb. Belə ki, 44 günlük Vətən müharibəsində və Qarabağda bir günlük antiterror tədbirlərində Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Eləcə də separatçı rejimin rəhbərləri və digər cinayətkarlar ədalət məhkəməsinə çıxarılaraq layiqli cəzalarını aldılar. Bu, o deməkdir ki, Xocalı soyqırımının qurbanlarının qisası alınıb.
Deputatın sözlərinə görə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı yenidən qurulur, dirçəlir. Artıq 2024-cü ildən başlayaraq Xocalı öz sakinlərinə qucaq açıb. Xocalıya öz sahibləri qayıdıb və bu torpağa yeni nəfəs gətirib.
İşğaldan azad edilən bütün el-obalarımız, yurd yerlərimiz kimi, Xocalı da dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sayəsində yenidən qurulur. Artıq Xocalının yüzlərlə sakini doğma yurda qucaq açıb.
“Xocalı bütün Azərbaycan xalqının qəlbində və mənəvi dünyasında qanlı, faciəli tarixçəsi ilə dərin izlər qoyub. Xocalıya ilk sakinlərin Azərbaycanın Müstəqillik Günü ərəfəsində qayıtması da bu baxımdan simvolikdir. Belə ki, qayıdış qisasın alınmasının, yaraların sağalmasının, bölgədə həyatın canlanmasının rəmzidir. Şəhərlə yanaşı, Xocalının bir sıra kəndlərinə də Böyük Qayıdış baş tutub. Bu proses bundan sonra daha böyük vüsət alacaq. Digər keçmiş məcburi köçkünlər kimi, Xocalı sakinləri də bundan sonra müstəqil, azad, abad, inkişaf edən ölkənin vətəndaşları olaraq öz torpaqlarında qürurla yaşayacaqlar”, - deyə S. Vəliyev vurğulayıb. (AZƏRTAC)