14.04.2026, 15:06
AZ EN
14.04.2026, 09:39 163

Politoloq: "Qarabağda qurulan model gələcəyin tələblərinə uyğun formalaşdırılır"

YAZILAR
  • Qarabağ və Şərqi Zəngəzur rayonlarının inkişafının birbaşa Prezident İlham Əliyevin diqqətində olması təsadüfi deyil. Söhbət ərazi baxımından müasir Livanın ölçülərinə yaxın olan, işğal dövründə demək olar ki, tamamilə “sıfırlanmış” geniş bir məkandan gedir və bu səbəbdən burada klassik bərpadan daha çox əsaslı quruculuq prosesindən danışmaq lazımdır.

Bunu politoloq Tofiq Abbasov açıqlamasında bildirib.

“Bərpa deyəndə, əslində, bu anlayış artıq kifayət etmir, çünki orada bərpa ediləsi çox şey qalmayıb. Düşmən həmin əraziləri elə bir vəziyyətə salıb ki, faktiki olaraq orada hər şey yenidən qurulmalıdır. Ona görə də bu proses elə təşkil olunmalıdır ki, yalnız bu günün deyil, gələcəyin tələblərinə də cavab versin, inkişaf meyillərinə uyğun şəkildə formalaşsın. Bu baxımdan bölgədə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi tam məntiqlidir. Ən müasir texnologiyaların, rəqəmsallaşmanın və süni intellekt imkanlarının tətbiqi Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsidir. Əgər Azərbaycan Cənubi Qafqazda sabitlik, inkişaf və təhlükəsizlik modelini formalaşdırırsa, bu model, ilk növbədə, azad olunmuş ərazilərdə öz əksini tapmalıdır. Qarabağ və Şərqi Zəngəzur ölkənin digər regionlarından ayrı düşünülmür və vahid inkişaf konsepsiyasının tərkib hissəsi kimi formalaşdırılır. Əgər biz daxili reinteqrasiyadan danışırıqsa, bu ərazilər də Bakı, Sumqayıt, Mingəçevir, Lənkəran və digər bölgələrlə eyni inkişaf xəttində olmalıdır və eyni zamanda, gələcəyin tələblərinə cavab verməlidir”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, bölgədə enerji, nəqliyyat və iqtisadi layihələr zəncirvari şəkildə planlaşdırılıb. Alternativ enerji mənbələrinin inkişafı, istehsal və ixrac imkanlarının genişləndirilməsi bu strategiyanın əsas istiqamətlərindəndir. Bu, yalnız yerli ehtiyacları deyil, həm də regionun ümumi iqtisadi potensialını artıran bir yanaşmadır. Bu yanaşma dünyanın aparıcı şəhərlərində - Sinqapur, Kioto, Seul kimi mərkəzlərdə formalaşmış inkişaf modellərinə uyğun qurulur. Bu gün əsas məsələ insan kapitalıdır. Süni intellekt, rəqəmsallaşma və yeni texnologiyalar artıq həyatın ayrılmaz hissəsinə çevrilib. Bəzi peşələr sıradan çıxır, yeni bacarıqlar isə ön plana keçir. Qarabağda qurulan model də məhz gələcəyin bu tələblərinə uyğun formalaşdırılır.

T.Abbasov vurğulayıb ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda, o cümlədən Davos İqtisadi Forumunda transmilli şirkətlərin rəhbərləri ilə görüşləri də bu baxışın tərkib hissəsidir. Bu şirkətlər texnologiya və innovasiya baxımından dünyanın önündə gedən qurumlardır. Məqsəd onların təcrübəsini cəlb etməklə insanların həyat keyfiyyətini yeni səviyyəyə qaldırmaqdır.

“Bölgədə yaradılan şərait insanların həm rahat yaşaması, həm də yaradıcılıq potensialını reallaşdırması üçün nəzərdə tutulur. İnsan üçün yaxşı mühit yaradıldıqda o daha həvəslə çalışır, innovativ düşünür və yeni ideyalar ortaya qoyur. Bu baxımdan dövlətin yanaşması həm sosial, həm də strateji baxımdan çox doğru qurulub. Əsas məqsədlərdən biri də texnoloji suverenliyin təmin olunmasıdır. Bu gün yalnız o dövlətlər uğur qazanır ki, onların insan kapitalı güclüdür və gənclər gələcəyə yönəlik düşünür. Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılır. İnsanların düşüncə tərzi yenilənir, yeni bacarıqlar formalaşdırılır və bu proses dövlət siyasətinin əsas prioritetlərindən biridir”, - deyə siyasi şərhçi diqqətə çatdırıb.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri yalnız fiziki bərpa deyil, eyni zamanda, yeni inkişaf fəlsəfəsinin tətbiqidir. Burada məqsəd, sadəcə, yaşayış məntəqələri qurmaq deyil, gələcəyin cəmiyyətini formalaşdırmaqdır. Bu isə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının ən vacib istiqamətlərindən biridir. (AZƏRTAC)

Oxşar xəbərlər