14.04.2026, 15:10
AZ EN
14.04.2026, 10:57 77

Xocavəndə qayıdacağına inanan 101 yaşlı Rəstə nənə

QARABAĞ
  • Bu il Xocavənd şəhərinə qayıdış sevincini yaşayan 231 ailədən biri də Mustafayevlər ailəsidi. Bu günlərdə İTV-nin əməkdaşı bu ailənin ağbirçəyi, yaşı bir əsri ötmüş 101 yaşlı Rəstə nənə ilə həmsöhbət olub.

Dünyanın ən uzunömürlülərindən olan nənənin nəsil ağacında 10 övlad, 60 nəvə-nəticə və 4 kötücə var. Rəstə nənə doğma torpağına qayıdacağı günə inanıb və bu günü səbirsizliklə gözləyib: “Mən bilirdim ki, doğma yurda, Xocavəndə qayıdacağıq. Çünki Azərbaycanın oğulları, bizim övladlarımız çox qeyrətlidirlər. Gördünüzmü, qayıtdıq yurda... Vətən şirindi, başına dönüm! Allah rəhmət eləsin, şəhid olan oğullara, onların anasının qarşısında baş əyirəm...”

Birinci Qarabağ Müharibəsində eyni gündə Alov və Atəş adında iki oğul itirən Sevil Əzizovanın 78 yaşı var. O, 34 ildən sondra doğma torpağına - Xocavəndə qayıdıb: “İki ali təhsilli övladım Qarabağ uğrunda şəhid olub. Torpaqlarımız işğaldan azad edilməsəydi onların da ruhu şad olmazdı. Övladlarımın biri Ağdamda, Uzundərədə dəfn edilib, biri isə döyüşlərdə itkin düşüb... Mən yenə fəxr edirəm ki, torpaqlarımızı azad etmişik”.      

Xatırladaq ki, 2023-cü ilin antiterror əməliyyatlarından sonra azadlığına qovuşan Xocavənd rayonuna artıq 595 ailə olmaqla 2437 nəfər köçürülüb. Rayon mərkəzi ilə yanaşı Xocavənd kənd, Xanoba, Sos kəndlərində, Qırmızı Bazar və Hadrut qəsəbələrində də məskunlaşma başlayıb. Bərpa-quruculuq işləri davam edir və ilin sonuna qədər 4 minə yaxın ailənin Xocavəndə qayıdışı da planlaşdırılıb

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər