Bunu açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib. Rektor bildirib ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ulu Öndərimizin ən böyük amallarından biri Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, Qarabağın azad, inkişaf edən və xoşbəxt bir diyar kimi yenidən qurulması idi. Bu müqəddəs vəsiyyət Ümummilli Liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən qətiyyət, milli iradə və tarixi ədalətin simvolu kimi həyata keçirildi. 44 günlük Vətən müharibəsi və ardınca aparılan anti-terror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu, xalqımızın Qarabağ arzusu reallığa çevrildi.
“Əminliklə söyləyə bilərik ki, bu gün azad və doğma Qarabağımızda sürətlə həyata keçirilən dirçəliş, bərpa və inkişaf prosesləri Heydər Əliyev ideyalarının təntənəsidir. Xankəndi şəhərində fəaliyyət göstərməklə bu təntənənin sonsuz qürurunu və fəxarətini yaşayan Qarabağ Universiteti ailəsi olaraq Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi və təbliğini başlıca vəzifə və mənəvi borc hesab edirik. Gələcək mütəxəssislərin yalnız peşəkar deyil, həm də dövlətçilik düşüncəsinə malik, Heydər Əliyev ideyalarına sadiq və vətənpərvər ruhda yetişdirilməsini fəaliyyətimizin strateji istiqaməti kimi müəyyən etmişik. Ulu Öndərimizin müəyyən etdiyi dövlətçilik konsepsiyasına, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan Böyük Qayıdış siyasətinə xidmət edən Qarabağ Universiteti hazırda Möhtərəm Prezidentimizin yüksək diqqəti və davamlı dəstəyi sayəsində sürətlə inkişaf edir və Qarabağın sosial-mədəni mühitində fəal rol oynayır. Bu gün Universitetimiz elmi və innovativ potensialı ilə doğma Qarabağlmızın intellektual inkişafına töhfə vermək, bölgənin sosial-iqtisadi dirçəlişində iştirak etmək kimi tarixi missiyanın daşıyıcılarından biridir”, - deyə o əlavə edib.
Rektor vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin parlaq ideyaları və müdrik irsi Azərbaycan xalqına həmişə yol göstərəcək. Bütün həyatını Azərbaycanın hərtərəfli inkişafına həsr edən və öz xalqına sonsuz sevgisi ilə nəsillərə nümunə olan tarixi şəxsiyyət hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. (AZƏRTAC)