Politoloq İlyas Hüseynov məsələ ilə bağlı "XəzərXəbər"ə açıqlamasında bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bu ərazilərinin 30 ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarının çıxışına və onların inkişaf etdirilməsinə mane olub və həmin resurslardan öz mənfəəti üçün istifafə edib.
Politoloq bildirib ki, Azərbaycan-İran sərhədində Qızqalası və hüdroqovşaqlar və eləcə də Sərsəng Su Anbarı üzərində olan Tərtər Su Eleltrik Stansiyası ilə bağlı istismara icazə verilməyib: "Çünki işğal mövcud idi və digər tərəfdən təbii resurslar, mineral resurslar vandalcasına istismar olunub və Ermənistana daşınıb".
Politoloq əlavə edib ki, Azərbaycan öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarı və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam etdirəcək:
"Ermənistan tərəfi elə zənn edir ki, bütün törədilən cinayətlərə görə cavab verməyəcək, məsuliyyətdən boyun qaçıracaqdır. Lakin bu mümkün olmayacaq və məhz enerji mənbələrinə əlçatanlılığın təmin olunmaması bu enerji resurslarından istifadənin məhdudlaşdırılması ilə bağlı iddia kifayət qədər mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, bu iddia sənədi 27 fefral 2023-cü il tarixində Azərbaycanın Ermənistana arbitraj haqqında bildiriş göndərdiyi zaman başlanmış, beynəlxalq məhkəmə prosesində son inkişafdır.
Arbitraj məhkəməsi 8 sentyabr 2023-cü il tarixində təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosesual görüş 12 yanvar 2024-cü ildə keçirilib.
Tahirə AĞAMİRZƏ