Ermənistan KİV-ləri Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin bütün ermənilərin katalikosu İkinci Qareginin “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir: “Rusiya və Ermənistan arasında mədəni və humanitar əlaqələrin inkişafında göstərdiyi böyük xidmətlərə görə və bütün ermənilərin katalekosu vəzifəsində 23 ildir səmərəli fəaliyyətinə görə “Şərəf” nişanı ordeni ilə təltif edilsin”. Erməni mətbuatı xatırladır ki, İkinci Qaregin 1999-cu il noyabrın 5-dən bu vəzifədədir.
Xatırladaq ki, İkinci Qaregin Rusiya meyilli adamdır və bu il 3 aydan çox davam edən etiraz aksiyalarında Rusiya əleyhinə səsləndirilən şüarlara, çağırışlara cavab olaraq daim Rusiyanı dəstəkləyib. Ermənistanın sabiq prezidentlərinin görüşünü təşkil etməklə isə onların arasında olan incikliyi xeyli zəiflədib. Bundan başqa, oktyabrın 30-da Xankəndində çoxmilli mitinqin təşkil olunmasında da İkinci Qareginin böyük rolu olub. Bütün bunlardan sonra belə bir nəticəyə gəlmək mümkündür ki, Rusiya prezidenti erməni katalikosu məhz Rusiyaya yarındığına görə mükafatlandırıb. Çünki 5 noyabr nə Qareginin ad günü, nə də onun bütün ermənilərin katalikosu olmasının yubiley tarixidir.
Nəsib QARAMANLI