31.05.2025, 02:42
AZ EN
29.05.2025, 09:53 206

Laçın Beynəlxalq Hava Limanı yüksək mühəndislik ağlının nəticəsidir

YAZILAR
  • Regionun yenidən qurulan geosiyasi arxitekturasına daha bir töhfə olan Laçın Beynəlxalq Hava Limanı ölkəmizin nəqliyyat qovşağı kimi önəmini daha da artıracaq.

Ekspertlər düşünür ki, Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın geoiqtisadi körpü strategiyasını tamamlayır və ölkəmizin imkanlarını daha da artıraraq Azərbaycanın hava daşınmaları üzrə də bir hala çevrilməsinə təkan verəcək.

Mühüm strateji nöqtədə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa, Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Məhz burda hava limanın inşa olunması rayonun  iqtisadi baxımından daha da canlanmasına, turizm potensialının artmasına, regionun qlobal nəqliyyat şəbəkəsinin inteqrasiyasına töhfə verəcək.

Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə istifadəyə verilən sayca üçüncü hava limanıdır. Amma Laçın aeroportunu Zəngilan və Füzulidəki hava limanından fərqləndirən bir neçə xüsusi cəhət var. Bu, ilk növbədə onun yerləşməsi ilə bağlıdır. Belə ki, Laçın aeroportu nəinki Azərbaycanda, ümumiyyətlə, postsovet məkanında dəniz səviyyəsindən ən hündür yerdə yerləşən aeroportlardan biridir. Dəniz səviyyəsindən 1738 metr yüksəklikdə yerləşir. Bu baxımdan, onun inşaası da kifayət qədər mürəkkəb bir layihə olub.

"Laçın Beynəlxalq Hava Limanı yüksək mühəndislik ağlının nəticəsidir. Logistika fəaliyyətinin icra olunması baxımından bir tərəfdən nə qədər mühüm çəkiyə malikdirsə, digər tərəfdən onun strateji əhəmiyyəti də vardır. Bu, ölkəmizin ərazisində 9-cu hava limanıdı. Beləliklə, Azərbaycan beynəlxalq uçuşları da qəbul etmək, bölgəyə investisiya axınını qəbul etmək, tənzimləmək, investisiya iqliminin sağlamlaşdırılması baxımından da bu çox önəmlidir".

Bu sözləri politoloq İlyas Hüseynov Atv-yə açıqlamasında deyib.

Digər bir məsələ isə onun strateji önəmi ilə vağlıdır. Belə ki, bu hava limanı Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr,  Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşir ki, bu da onun nə qədər strateji əhəmiyyət kəsb etdiyini bir daha göstərir.

Politoloq daha sonra qeyd edib ki, hər 3 hava limanı bir-biri arasında inteqrasiya olunmuşdur. Bu da gələcəkdə Zəngəzur dəhlizinin açılması baxımından multimodal yüklərin qəbulu və nəqli baxımından da önəmli olacaqdır və beləliklə, bölgənin tranzit habına çevrilmə perspektivləri icra olunacaq: "Yeni geosiyasi reallıqlarda əsas hədəf həm də Naxçıvan Muxar Respublikası ilə əlaqənin təmin olunması, geniş anlamda isə şərqlə qərb arasınsa olan bağlantıların icrasıdır".

Qeyd edək ki, istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3 min, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. Umumi ərazisi isə 131,3 hektardan çoxdur. İstifadəyə verilən hava limanı bütün növ təyyarələri, o cümlədən, ən ağır yük təyyarələri qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər