Bu fikirləri Milli Məclisin deputatı Əli Hüseynli qeyd edib.
Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak etməyə başladı. Məhz həmin dövrdə Azərbaycanın idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağa nail oldu.
Xüsusilə, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya Oyunlarında Azərbaycan təmsilçilərinin 199 ölkə arasında 34-cü yeri tutması və ondan sonrakı beynəlxalq idman tədbirlərində yüksək nəticələrin əldə olunması bunun bariz nümunələridir. Bu il Parisdə keçirilən Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmanı tarixində ən yüksək nəticəyə imza atılmışdır. Yekun olaraq 30-cu yerdə qərarlaşan Azərbaycan komandası 60-a yaxın müsəlman ökəsı arasında üçüncü olmaqla ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında idmançılarımızın uğurlarını çox böyük nailiyyət kimi dəyərləndirmişdir: “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.
Dövlətimizin başçısı idmani cəmiyyətimizin ayrılmaz hissəsi kimi təqdim edərək idmanın və idman qələbələrinin ictimai məkanda, həmçinin hərbi və fiziki hazırlıq baxımından çox böyük rolu olduğuna diqqət çəkmişdir. O, xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin aşılanması üçün idman amiliinin çox böyük məna daşıdığını vurğulamışdır: “…bu Yay Olimpiya Oyunlarında Azərbaycan qalib ölkə kimi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır… Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci”.
Prezident İlham Əliyev öz çıxışında xüsusilə son 24 il ərzində Azərbaycan idmanın inkişafı ilə bağlı görülən işlərə də nəzər salaraq bu sahənin bundan sonra da dövlətin prioritet istiqaməti kimi qorunacağını bəyan etmişdir. O söylədi ki, artıq bütün lazımi qərarlar verilib, ölkənin hər yerində müasir standarlara uyğun bütün müvafiq strukturlar yardılıb. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasilar yüksək təşkilatçılıq nümayiş etdirərək Azərbaycan idmanının vahid strategiya əsasında inkişafına nail olmuşlar. Hazırda ölkədə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bundan sonra da bu istiqamətdə, xüsusilə Qarabağ bölgəsində işlər davam etdiriləcək: “Biz hələ təxminən 10 il bundan əvvəl Bakıda mötəbər Avropa Oyunlarını keçirmişdik. Ondan sonra İslam Həmrəylik Oyunlarını keçirmişdik və keçən ay Bakıda COP29 beynəlxalq iqlim konfransı da Olimpiya Stadionunun içində və onun ətrafında keçirilmişdir. Yəni, burada da vaxtilə inşa etdiyimiz idman obyektinin - Olimpiya Stadionunun böyük rolu olmuşdur”.
Azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri ilə parallel olaraq müasir idman infrastrukturu da yaradılır. Cənab İlham Əliyevin dediyi kimi, bu idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Burada qısa müddət ərzində böyük işlər görülüb. Ağdamda İmarət stadionu inşa edilib, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində də bir neçə idman yarışı keçirilmişdir. Ötən əsrin 50-ci illərindən qalma Xankəndi stadionu yenidən qurulur.
Gələn il Azərbaycan növbəti böyük idman yarışına – 7 minədək idmançının iştirak edəcəyi üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək. Gəncə şəhəri mərkəz olmaqla bu oyunlar ölkənin 14 şəhərində təşkil olunacaq.
Əldə olunan uğurlar eyni zamanda Azərbaycanda ölkə rəhbərliyi tərəfindən idmançılara göstərilən və hətta deyərdim ki, dünyanın heç bir ölkəsində olmayan yüksək diqqət və qayğı ilə şərtlənir. Dövlətimizin başçısı və MOK-nin Prezidenti cənab İlham Əliyevin bu məsələdə mövqeyi birmənalıdır və Azərbaycan gəncini yeni zirvələr fəth etməyə ruhlandıran stimul yaradır: ”İdmanın inkişafının bir çox amilləri Azərbaycanda vəhdət təşkil edir, ilk növbədə, dövlət dəstəyi. Bütün təltiflər tamamilə əsaslıdır. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir”.
Beləliklə, xalqın sarsılmaz inamına arxalanan və qüdrətli ordumuzun gücünə güvənən Müzəffər Ali Baş Komandan İlham Əliyevin bənzərsiz sərkərdəliyi ilə Vətən müharibəsində əldə etdiyimiz Zəfərə idman qələbələrini də əlavə etməklə Azərbaycan gənci ölkəmizinin beynəlxalq nüfuzununun daha da artmasına, bütövlükdə ölkənin inkişafına əvəzsiz töhfə vermiş olur.
Hazırladı: Günel QULİYEVA