19.09.2024, 06:11
AZ EN
11.02.2022, 15:00 167

“Ermənistanın qaçmağa yeri yoxdur”

YAZILAR

Belarus prezidenti Lukaşenko «ittifaq dövləti» yaradılmasının vacibliyi barədə danışarkən dediyi «Ermənistanın qaçmağa yeri yoxdur! Zənn edirsiniz ki, onlar kiməsə lazımdır? Qətiyyən, yox! Nikol Vovayeviç özü bunu yaxşı bilir» sözlərindən sonra Ermənistanda yeni çaxnaşma yaranıb.

Müxalifət fürsətdən istifadə edərək Paşinyan iqtidarına qarşı hücumunu yeni çalarlarla zənginləşdirib. Bu barədə «Joğovurt» qəzeti, demək olar ki, hər sayında məqalələr dərc edir. Qəzet 9 fevral tarixli sayında göstərir ki, Lukaşenkonun dediyi bu alçaldıcı fikirlərin kökündə 2018-ci ildən indiyədək baş verən hadisələr, xüsusilə 44 günlük müharibədə Ermənistanın böyük itkilərlə uduzması olub. Ermənistanın milli məclisində bu həftə keçirilən «Hökumət saatı» adlanan toplantısında da belə fikirlər daha çox səsləndirilib. Baş nazir N. Paşinyan müxtəlif sahələr üzrə verilən suallara, ekspertlərin fikrincə normal cavablar versə də, Belarus prezidentinin sözlərinə münasibət bildirərkən, analitik Stepan Qriqoryanın qeyd etdiyi kimi, peşəkar jurnalist üsulu ilə cavabdan yayınıb.

Hazırda Ermənistanda geniş müzakirə olunan məsələlərdən biri də Prezident seçkiləri ilə bağlıdır. «Joğovurt» qəzeti 8 fevral tarixli sayında göstərir ki, «Hayastan» blokundan Andranik Tevonyan və Artur Qazinyan müxalifətin namizəd irəli sürməməsinin vacibliyini bildirir və vurğulayırlar ki, onların namizədi keçməyəcək. Paşinyan tərəfdarları öz istədikləri adamı prezident kreslosunda əyləşdirəcəklər. Onlar həm də vurğulayırlar ki, Ermənistanda prezidentin səlahiyyətləri çox məhduddur və sabiq prezident Arman Sarkisyanın dediyi kimi, bu vəzifədə olan şəxsin daxili və xarici siyasətdə söz yiyəsi olmadığı məlumdur.

Gündəlik «Past» (“Fakt”) qəzeti isə bu həftə daha çox sosial məsələlərə yer ayırıb. Qəzet «Dövlət idarələrində gərgin vəziyyət hökm sürür» başlıqlı yazıda göstərir ki, Ermənistanın dövlət nəzarəti xidməti büdcədən maliyyələşən idarə-müəssisələrdə xüsusilə dövlət satınalmaları sayəsində ciddi yoxlamalar aparır və bu barədə şikayətlərin çoxu öz təsdiqini tapır. «Qiymətlərin artırılmasında təkcə hökumətmi maraqlıdır?» sərlövhəli yazıda qiymət artımının sub­yektiv səbəblərinin daha çox olduğu vurğulanır. 

Bəzi sosial şəbəkə istifadəçiləri isə Türkiyə ilə sərhədlərin açılmasının qiymətlərin aşağı düşməsinə səbəb olacağını bildirir və qeyd edirlər ki, 1993-cü ilin aprelinədək - Türkiyə ilə Ermənistan arasında sərhədlər açıq olanda əhali nə qida məhsulları, nə də geyim üçün çox pul xərcləmirdi.

«Hraparak» qəzeti «Müxalifət hər şeydə inad edir» sərlövhəli yazısında iqtidar-müxalifət münasibətlərinə toxunaraq qeyd edir ki, müxalifət 1-4 mart tarixlərində keçirələcək prezident seçkilərində iştirak etməsə də beynəlxalq aləmdə bu seçki də legitim sayılacaq, çünki Qərb Paşinyanın komandasının hakimiyyətdə qalmasında maraqlıdır və bu, bir neçə faktla artıq özünü təsdiqləyib.

Lukaşenkonun dediklərini qeyri-ciddi hesab edən bu nəşr onu da vurğulayır ki, Ermənistanın etibarlı dostları MDB-dəki ölkələr deyil, Fransa, İran və ABŞ-dır.

ABŞ-İran münasibətlərinin qismən normallaşmasını həm Ermənistan diplomatiyasının, həm də ABŞ-dakı erməni lobbisinin uğuru kimi dəyərləndirən bu qəzet, göründüyü kimi, məlum erməni yalan və uydurmaçılığının bariz nümunəsidir.

«Joğovurt» qəzeti «Ermənistanda əhalinin sayının azalması davam edir» sərlövhəli yazıda həyəcanla bildirir ki, 2021-ci ilin yanvarın 1-ə olan rəsmi məlumata görə, ölkədə 2 milyon 963 min daimi sakin olub. 2022-ci il yanvarın 1-də isə əhalinin 273 min nəfər azaldığı rəsmən elan edilib. Ermənistan əhalisinin 1 milyon 69,1 min nəfəri kəndlərdə, 1 milyon 92,7 min nəfərinin isə İrəvan şəhərinin özündə yaşadığını qeyd edən məqalə müəllifi həm də vurğulayır ki, belə olarsa, bir neçə ildən sonra əhalinin sayı nəzərə çarpacaq dərəcədə azalacaqdır.

«Past» qəzeti 10 fevral tarixli sayında dərc etdiyi «İqtidar nümayəndələri arasında narazılıq artır» sərlövhəli yazıda isə nazirlər tənqid olunurlar. Göstərilir ki, onların deputat sorğularına cavab verməməyi artıq adət halına keçməkdədir. Nazirlər və baş idarə rəhbərləri bu və ya digər məsələ ilə bağlı yalnız baş nazirə hesabat verdikləri vurğulanır. Həftədə bir dəfə, zəruriyyət yarandıqda isə iki dəfə Ermənistan milli məclisində «Hökumət saatı» adlanan iclasda baş nazir deputatların müxtəlif suallarını cavablandırdığı halda, nazirlərin orada yalnız tamaşaçı kimi iştirak etdiyini diqqətə çatdıran qəzet daha çox müxalif mövqenin daşıyıcısı kimi fəaliyyət göstərir. Burada «Yeni ərazilər uğrunda yeni müharibə» şüarının müəllifi olan Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın vəkillərinin çıxışları da diqqəti cəlb edir. Aydın olur ki, David Tonoyan təkcə müharibə dövründəki bacarıqsızlığına, silahların alınmasındakı korrupsiyaya görə deyil, həm də dövlət və hərbi sirri açıqladığına görə həbs edilib. Göstərilir ki, D.Tonoyan xaricdə səfərdə olduğu zaman erməni icmasının nümayəndələri ilə görüşərkən dediyi «yeni ərazilər uğrunda yeni müharibə» sözləri Ermənistan dövlətinin hərbi sirri idi və o, bunu açıqlamaqla düşmənə müharibəyə hazırlaşın mesajını verməklə, dövlətə xəyanət edib.

Səlahiyyət müddəti fevralın 23-də başa çatacaq Ombudsman Arman Tatoyanın «İravunk.com»-da yerləşdirilmiş çıxışında isə ermənilərin təkcə Azərbaycana, Türkiyəyə qarşı deyil, həm də müsəlmanların peyğəmbərinə şər atması açıq-aydın göstərilir...

Nəsib QARAMANLI

Oxşar xəbərlər