"Vətən səsi" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata gorə, respublika üzrə milli valyutada olan kredit portfelinin ümumi həcmi 24 milyard 715 milyon manat təşkil edib. Həmin vəsaqitlərin böyük əksəriyyəti, təxminən 72 faizi paytaxt Bakının payına düşür. Bakı şəhərində yerləşdirilən manat kreditlərinin həcmi 17 milyard 952,7 milyon manat olub.
Paytaxtdan sonra ikinci yerdə sənaye şəhəri olan Sumqayıt qərarlaşıb ki, burada manat kreditlərinin həcmi 775,9 milyon manat təşkil edib. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə isə bu göstərici 683,6 milyon manat olub. Kreditlərin həcminə görə ön sırada olan rayon və şəhərlər arasında ilk beşliyi 405,6 milyon manatla Naxçıvan şəhəri və Abşeron rayonu (353,2 milyon manat) tamamlayır.
Respublika uzrə kredit vəsaitlərinin həcminə gorə səhər və rayonlar arasında işğaldan azad olunmus ərazilər axırıncı yerlərdədir. Mərkəzi Bankın hesablamalarına görə, 2025-ci il sentyabrın 1-dək Xankəndi şəhəri üzrə cəmi, 5,3 milyon, Kəlbəcərdə 4,4 milyon, Cəbrayılda 3,6 milyon, Zəngilanda 2,4 milyon, Laçında 1,6 milyon, Şuşada 0,5 milyon manat məbləğində kredit verilib.
Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi rayonlarına isə indiyədək bir manat da olsun, kredit verilməyib. Bu sıraya Qubadlı, Xocalı, Xocavənd və Ağdərə rayonları aiddir.
Elxan SALAHOV