44 günlük müharibədəki məğlubiyyətdən sonra bir-birini ittiham edən yüksək rütbəli erməni zabitlərinin döyüş vaxtı göstərdikləri fəaliyyəti araşdıran xüsusi komissiyanın Ermənistan istintaq komitəsinə verdiyi sənədlərdən sonra daha 10 zabitin qorxaqlığı və fərariliyi üzə çıxıb. “Lurer.com” noyabrın 4-də xəbər verib ki, Azərbaycan Xüsusi Təyinatlıları Şuşaya yaxınlaşarkən bir tabor erməni hərbçisi həmin bölgəyə göndərilib. Amma taborun komandiri və daha 9 zabit döyüş yerinə xeyli qalmış hansısa üsulla oradan uzaqlaşıb. Komandirsiz qalan əsgərlər isə nə edəcəklərini bilməyiblər. Onların xeyli hissəsi də döyüşə girməkdən imtina edib, qalanlar isə döyüşərək həlak olublar. Bununla bağlı aparılan istintaq işləri yekunlaşdırılaraq məhkəməyə göndərilib. Agentlik xəbər verir ki, həmin zabitlər 2003-cü ildə qəbul edilmiş cinayət məcəlləsinin və 2021-ci ildə həmin məcəlləyə əlavə edilmiş maddələrin tələblərinə uyğun olaraq uzun müddət həbsxanada olacaqlar.
Müharibədən sonra hərəkətə keçən ultura revanşistlər, əlbəttə, bu olaydan daha çox məlumatlıdırlar. Onların elə indinin özündə də müharibəyə cəhd göstərmələri isə gülünc görünür. Yüzlərlə zabiti, minlərlə əsgəri döyüş mövqeyini tərk edərək qaçan Ermənistanın siyasətçilərini indi öz xalqlarını qəhrəman kimi təqdim etmələri isə tarixin həm ən böyük yalanı, həm də lətifəyə çevrilən riyakarlığıdır.
Nəsib QARAMANLI