Deputat Qazinyan bu çağırışa cavab olaraq parlamentin sədrinə ərizə yazaraq istefa verdiyi açıqladı. Bəzi siyasi şərhçilər müxalif deputatların hətta hamısı mandatı yerə qoyacağı təqdirdə də Ermənistan parlamentində yetərsay olacağını bildirərək onu da vurğuladılar ki, mövcud qanunlara görə parlament müxalifətsiz də öz funksiyasını növbəti seçkiyə qədər yerinə yetirəcək. Ermənistan parlamentinin «Badiv unem» fraksiyasının üzvü, insan haqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyanın sədri Takuhi Tovmasyan öncə istefa verəcəyini bildirsə də, sonra jurnalistlərə açıqlamasında fikrindən daşındığını və seçicilərinin xətrinə işini davam etdirəcəyini açıqlayıb. Onun bu fikirləri həm fraksiya yoldaşları, həm də «Hayatsan» blokunun deputatları tərəfindən tənqidlə qarşılanıb. «Joğovurt» qəzeti 7 iyul tarixli yazısında göstərir ki, Takuhi Tovmasyan belə çıxış üçün Serj Sarkisyandan «dobro» alıb. Qəzet daha sonra əlavə edir ki, aprelin 26-da baş nazir N.Paşinyanı müşayiət edən cangüdənlərdən ibarət maşınlardan biri yolu keçən Anna Mnasaqanyan adlı hamilə qadını vurub öldürmüşdü. A.Mnasaqanyanın həyat yoldaşı və qohumları müvafiq orqanlara dəfələrlə müraciət etsələr də həmin maşının sürücüsü cəzalandırılmayıb. Onlar bu günlərdə Takuhi Tovmasyanın vasitəsilə ABŞ-ın Ermənistandakı səfirliyinə, Almaniya Bundestaqına müraciət edərək günahkarın cəzalandırılmasını tələb ediblər. Bu olaydan sonra Takuhi Tovmasyanın seçicilər arasında nüfuzu artıb və onun deputatlıqdan imtina etməməsi çoxlarının ürəyincə olub.
Ermənistan parlamentinin nizamnaməsinə əsasən, parlamentdə uzun müddət iştirak etməyən deputatlar maaşdan məhrum edilirlər. Artıq 2 aydır ki, Ermənistan parlamenti etiraz aksiyalarında iştirak edən deputatlara maaş köçürmür. İyulun 5-də Ermənistanın konstitusiyasısı günü münasibətilə dövlət qulluğunda işləyənlərin çoxu, o cümlədən deputatlar müəyyən məbləğdə mükafatlandırılıblar. «Hraparak» qəzeti özünün 7 iyul tarixli sayında dərc edilmiş «Maaşları niyə saxlayıblar?» sərlövhəli məqalədə göstərir ki, Konstitusiya günü münasibətilə «Hayastan» və «Badiv unem» fraksiyasından olan deputatlara nəinki mükafat, hətta maaşlar da verilməyib. Qəzetin müxbiri bunun səbəbinin məhz mövcud qanunlar olduğunu bildirir və əlavə edir ki, Ermənistan polisinin bir neçə polkovnikinə konstitusiya günü ilə əlaqədər olaraq general-mayor rütbəsi və demək olar, bütün polislərə mükafatlar verilməsi isə birbaşa onların etirazçılara qarşı tutduğu sərt mövqe ilə bağlıdır. Qəzet xatırladır ki, həmin polkovniklərdən biri oğlu 44 günlük müharibədə həlak olmuş kişinin qollarını burarkən sındırıb. O, cəzalandırılmaq əvəzinə mükafatlandırılıb.
Ermənistan mətbuatında Paşinyanla bağlı məqalələr də diqqəti xüsusi cəlb edir. Onun iyulun 6-da axşamüstü Putinə zəng edərək danışmasını erməni mətbuatı müxtəlif formada şərh edir. «Hraparak» yazır ki, Qərbdən lazımi dəstək ala bilməyən Paşinyan etiraz aksiyalarının istiqamətvericisi olan Kremldən indi özünə dəstək gözləyir. Paşinyanın öz mühafizəçilərinin sayını artırması da sözügedən qəzetin etibarlı mənbədən əldə etdiyi məlumatlardandır. «Hraparak»ın «Paşinyanın qəbuluna gələnləri «şmon» edirlər» sərlövhəli yazıda göstərilir ki, onun qəbuluna gələn xarici qonaqlar belə mühafizəçilər tərəfindən xüsusi aparatlarla yoxlanılır. Paşinyan hətta öz komandasından da ehtiyatlandığına görə «Vətəndaş müqaviləsi» fraksiyasının üzvlərindən kimsə onun qəbuluna düşmək istəyirsə, tam yoxlanılmamış içəri buraxılmır. Halbuki, 10-15 gün öncəyədək belə yoxlamalar yox idi. Həmin qəzetin baş yazarı, Ermənistan parlamentinin spikeri Alen Simonyanın qaynanası Armine Ohanyan 2 aydan çox idi ki, məqalə ilə çıxış etmirdi. O, qəzetin 6 iyul tarixli sayında dərc olunmuş «Sıfıra bərabər hörmət» sərlövhəli məqaləsində belə yazır: «2018-ci ildə cini şüşədən buraxdıq. Amma hələ də onu içəri sala bilmirik… Hakimiyyət nümayəndələri Ermənistanın, «arsax»ın taleyi ilə bağlı məsələlərdə ağızlarına su alıb susur, ya da başqalarına minnətçi rolunda çıxış edirlər». Vaxtilə özünün dəstəklədiyi bu komandanın Ermənistanla bağlı heç bir yaxşı nəticəyə nail ola bilməyəcəyini vurğulayan baş yazar iqtidarın cəmiyyətdə hörmətinin sıfıra bərabər olduğunu dəfələrlə təkrarlayır.
Bəs görəsən, parlamentin sədri Alen Simonyan qaynanası ilə razılaşmadığını onun özünə deyə bilir, yoxsa bunlar da erməni sayağı «demokratiyadır»?
Nəsib QARAMANLI