21.11.2024, 21:43
AZ EN
05.09.2023, 10:52 288

Separatçılar Xankəndidə növbəti mitinqə hazırlaşır

YAZILAR
  • Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar arasında “hakimiyyət” uğrunda mübarizə qarşıdurma mərhələsinə keçib. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində siyasi-hərbi vəziyyətin gərginləşməsindən qorxuya düşən separatçı dəstənin üzvləri müxtəlif yollarla nəzarəti ələ almağa çalışırlar. Bunun üçün əsas vasitələrdən biri həmişə olduğu kimi, mitinq və nümayişlərdir.

“Vətən səsi” xəbər verir ki, separatçı dəstənin üzdə olan nümayəndələrindən sayılan Samvel Babayan sentyabrın 8-i saat 10:00-a mitinq təyin edib. O, Qarabağda yaşayan erməniəsilli sakinləri öz taleyinə sahib çıxmaq üçün mitinqə qoşulmağa çağırıb: “Əhali küçələrə çıxmasa, həmişəlik məhv olacaqlar”.

Babayan bəyan edib ki, növbəti mitinq Azərbaycan hökumətinə qarşı deyil, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırki “rəhbərliyi”nə yönəlib. Onun sözlərinə görə, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ağır duruma düşməsinin səbəbkarı Azərbaycan hökuməti deyil, qondarma rejimin rəhbərliyi və rəsmi İrəvandır: “Çünki onlar siyasətlə deyil, söz oyunu ilə məşğuldurlar və əhaliyə verilən vədləri yerinə yetirməkdən boyun qaçırırlar. Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişmək olmalıdır. Bunu hər kəs anlayır. Xüsusilə Qarabağ əhalisi bilir ki, Ermənistanda hakimiyyət dəyişənə qədər onlar “aclığa” dözməlidir. Ona görə də insanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”.

Samvel Babayan Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb. O,  deyib ki, Qarabağdakı “hakimiyyət” bir həftə ərzində vəziyyətin normallaşdırılması istiqamətində ciddi qərarlar qəbul etməsə “Artsaxda” (hazırda ermənilərin yaşadığı ərazini nəzərdə tutur) əhali rahatlıq tapmayacaq”.

Elxan SALAHOV

Oxşar xəbərlər