Bunu Musa Qasımlı açıqlamasında deyib.
O, bildirib ki, Çini Asiyanın "yatmış aslanı" adlandıran Napoleon deyirdi ki, bu aslan oyananda dünya fərqli olacaqdır. İndi artıq fərqli bir dünya yaranır:"Azərbaycan və Çin arasında imzalanan, mahiyyətinə görə dərin, məzmunca geniş olan bu sənəd həm iki ölkə, həm Cənubi Qafqaz, həm də dünya məsələləri baxımından qəti mövqeləri özündə əks etdirir. Azərbaycan uzun illər boyu Çini narahat edən, bədənində qara yara olan "Tayvan məsələsi"ndə Pekini müdafiə edir. Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.
Bu o deməkdir ki, Çin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə məsələsində əlavə siyasi-diplomatik güc alır.
Çin isə Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir".
M.Qasımlı daha sonra əlavə edib ki, bu o deməkdir ki, Azərbaycan Cənubi Qafqazı yenidən qan gölünə çevirərək öz maraqlarını reallaşdırmaq istəyən dövlətlərə qarşı BMT TŞ-nin daimi üzvü olan Çindən siyasi-diplomatik dəstək alır:
"Sənəddə Azərbaycan və Çin inkişaf etməkdə olan ölkələr kimi əməkdaşlığı gücləndirməyə və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını birgə müdafiə etməyə hazır olduqlarını bəyan edirlər.
Artıq Azərbaycan beynəlxalq məsələlərdə, hüquqları pozulan ölkələrin qoruyucularından birinə çevrilib", deyə M.Qasımlı vurğulayıb.
Tahirə AĞAMİRZƏ