20.11.2025, 03:32
AZ EN
20.10.2025, 08:29 152

Ardıcıl 4 Zirvə görüşündə iştirak etimadın göstəricisidir

YAZILAR
  • Azərbaycana dünya dövlətləri böyük etimad göstərir. Çünki sözü ilə əməli bir olan, etibarlı Lideri var. Qlobal problemlərin həllinə real təşəbbüslərlə töhfə verir. Təklifləri, ideyaları ilə dünya siyasətini mükəmməl analiz etmək bacarığı ilə fərqlənir. 15 gün ərzində 4 zirvə görüşündə iştirak etmək Azərbaycan liderinə yüksək etimadın  növbəti nümunəsidir.

Azərbaycan dünyada gedən proseslərdə, qlobal  problemlərin həllində vacib aktor kimi çıxış edir. Nyu-Yorkda, Birləşmiş Millərlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyası, Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında keçirilən əhəmiyyətli görüşlər, Qəbələdə  Türk Dövlətləri Təşkilatının inkişafı istiqamətində verilən qərarlar, Misirdə  Yaxın Şərq Sülh Sammitində Prezident İlham Əliyevin  iştirakı, bütün bunlar Azərbaycan Liderinə etimadın, Azərbaycan  dövlətinin yüksək nüfuzunun göstəricisidir.

“Dörd ayrı qütbləri təmsil eləyən toplantılarda, sammitlərlərdə Azərbaycan Prezidentinin iştirakı birinci növbədə  ölkəmizin liderinə beynəlxalq səviyyədə  verilən yüksək dəyərdən, Azərbaycanın qlobal proseslərdə oynadığı mühüm roldan, diplomatik çevikliyindən və  qütblər arasında körpü yaratmaq məharətindən irəli gəlir”.

Bunu Atv-yə açıqlamasında Milli Məclisin deputatı  Elçin Mirzəbəyli deyib.

Qarşıdurmaların, müharibələrin davam etdiyi, yeni münaqişə ocaqlarının yarandığı bir dövrdə dünyanın ən çox sülhə ehtiyacı olduğu aydın görünür.  Ədalət prinsipini daim ön planda tutan Azərbaycan Liderinin təşəbbüslərində  sülh faktoru prioritetdir.  Azərbaycan sülhə sadəcə sözdə deyil, əməldə töhfə verməyə daim hazır olduğunu uğurlu siyasəti ilə sübut edir.

 Millət vəkili əlavə edib:

“Bütün bu tədbirlərdə biz  dövlətimizin başçısına ayrı-ayrı dövlətlərin hökumət və dövlət başçıları tərəfindən  xüsusi diqqət yetirildiyini və Azərbaycanla təmasa hər kəsin can atdığının şahidi oluruq.  Bu da ondan xəbər verir ki, ölkəmiz qlobal proseslərdə özünün obyektiv və ədalətli mövqeyi ilə, həm də sülhyaratma  missiyası ilə mühüm  əhəmiyyətə malik olan bir dövlətdir”.

Artıq  bütün dünya bilir, Azərbaycanla ultimatum dili ilə danışmaq  olmaz. Çünki Azərbaycan Lideri dünya  siyasətini mükəmməl analiz edir, nəyi, necə və nə vaxt etməyi çox yaxşı bilir və bütün addımlarında güclü, müstəqil iqtisadiyyatda yalnız öz qüdrətinə güvənir. Humanizm prinsipini əsas götürən Azərbaycan artıq təkcə regional deyil, qlobal  səviyyədə problemlərin həllinə, sülhə töhfə verir. Beynəlxalq  nüfuzu sürətlə güclənən Prezident İlham Əliyevin  15 gün ərzində 4  Zirvə toplantısında iştirakı dünyanın belə liderlərə ehtiyacını göstərir.

Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər