Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan regionda sülh gündəliyinə töhfə verən, əməkdaşlıq və inkişafı dəstəkləyən dövlətdir. Onun sözlərinə görə, Münxendə qeyd olunan əməkdaşlıq çağırışları artıq rəsmi statistikada da öz əksini tapmağa başlayıb.
Deputat vurğulayıb ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq rəsmi statistikada xarici ticarət əlaqəsində olduğu ölkələrin siyahısına Ermənistan da əlavə edilib. Bu, müstəqillik dövründə bir ilk olmaqla yanaşı, gələcək iqtisadi əməkdaşlığın genişlənməsi üçün baza rolunu oynayır.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 788,8 min ABŞ dolları təşkil edib. Bu məbləğ Azərbaycandan Ermənistana benzin ixracı hesabına formalaşıb. Beləliklə, Azərbaycan Ermənistanla ticarətdə eyni məbləğdə müsbət saldo əldə edib.
Vüqar Bayramovun fikrincə, gələcəkdə ticarət əlaqələri genişləndikcə də bu müsbət saldonun qorunub saxlanılması mümkündür. Bütün bunlar göstərir ki, regionda sülh gündəliyinin irəliləməsi iqtisadi əməkdaşlığın genişlənməsi ilə paralel şəkildə davam edə bilər və yeni mərhələnin əsasını təşkil edir.
Tahirə AĞAMİRZƏ