14.01.2026, 22:37
AZ EN
14.01.2026, 15:14 236

Deputat: İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadi və enerji sisteminə inteqrasiyası son mərhələyə yaxınlaşır

YAZILAR
  • Prezident İlham Əliyevin Ağdərə və Tərtər rayonlarına son səfəri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qaldığını bir daha nümayiş etdirdi.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, Prezidentin Qarabağa səfərlərinin intensiv və ardıcıl xarakter daşıması bu ərazilərdə aparılan işlərin operativliyini və yüksək icra intizamını təmin edən əsas amillərdəndir:

“Qarabağda və Şərqi Zəngəzurda gedən bütün proseslər, bərpa və yenidənqurma işləri dövlət başçısının konkret tapşırıqları və şəxsi nəzarəti altında həyata keçirilir. Bu isə nəticələrin qısa müddətdə əldə olunmasına imkan yaradır”.

T.Gəncəliyev Ağdərə rayonunda “Qozlukörpü” su elektrik stansiyasının istifadəyə verilməsini xüsusi qeyd edərək bildirib ki, bu kimi obyektlər Qarabağ və Şərqi Zəngəzurun strateji ehtiyaclarının – enerji, su və kommunal təminatının ödənilməsinə xidmət edir: “Qaz, elektrik enerjisi, su təminatı və infrastruktur obyektləri insanların doğma torpaqlarına qayıdışının əsasını təşkil edən fundamental şərtlərdir. “Qozlukörpü” su elektrik stansiyasının açılışı bu baxımdan mühüm strateji əhəmiyyət daşıyır”.

Deputat vurğulayıb ki, indiyədək Qarabağ və Şərqi Zəngəzurun bərpasına 25 milyard manatdan artıq vəsait yönəldilib ki, bu da Azərbaycanın iqtisadi gücünün və dövlətin bu ərazilərə göstərdiyi xüsusi diqqətin bariz göstəricisidir: “Bu, dünyanın nadir təcrübələrindən biridir. Müharibədən çıxmış, tamamilə dağıdılmış bir ərazinin qısa müddətdə bu templə bərpa olunması əsl möcüzədir”.

Tural Gəncəliyev qeyd edib ki, regionda davam edən münaqişələr və dağıntılar fonunda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq siyasəti beynəlxalq ictimaiyyət üçün nümunə ola bilər.

Deputatın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın ümumi iqtisadi və enerji sisteminə inteqrasiyası artıq son mərhələyə yaxınlaşır. Bu proses ölkənin su və enerji ehtiyatlarının artmasına, nəqliyyat və kommunikasiya imkanlarının genişlənməsinə mühüm töhfə verir.

O əlavə edib ki, Orta Dəhlizin mühüm komponentlərindən biri olan Zəngəzur dəhlizinin (TRIPP) Qarabağ və Şərqi Zəngəzurdan keçməsi, yeni hava limanlarının açılması, dəmir yolu xətlərinin çəkilməsi bu regionun beynəlxalq nəqliyyat və kommunikasiya xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir.

Deputat sonda bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa olunan ərazilər deyil, eyni zamanda Azərbaycanın gələcək inkişafını təmin edən əsas geoiqtisadi və geostrateji mərkəzlərdən birinə çevrilib. (AZƏRTAC)

Oxşar xəbərlər