Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında qeyd edib ki, Prezidentin işğaldan azad edilmiş ərazilərin Azərbaycanın digər bölgələri ilə kompleks şəkildə bağlantısının təmin edilməsini əsas prioritet kimi göstərməsi, əslində, milli inteqrasiyanın yeni mərhələsinin təməlidir. “Kəlbəcər-Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı və Füzuli-Biləsuvar-Cənub istiqamətlərinin inkişafı ölkədaxili iqtisadi dövriyyəni genişləndirir, logistika xəritəsini daha funksional və davamlı edir”, - deyə deputat bildirib.
Kamaləddin Qafarov əlavə edib ki, Prezidentin "şərt deyil ki, hamı Bakıya gəlsin" fikri regional inkişaf fəlsəfəsinin ideoloji əsasını təşkil edir. Xankəndi və Ağdamın aparıcı şəhərlərə çevrilməsi ilə bağlı planlar, bu bölgələrin iqtisadi və sosial cazibə mərkəzinə çevriləcəyini göstərir. Bu ilin sonuna qədər 120-140 min vətəndaşın azad edilmiş ərazilərdə yaşaması və çalışması proqnozu dövlət siyasətinin real nəticələr verdiyini sübut edir.
Deputat həmçinin bildirib ki, Prezidentin Naxçıvanın Azərbaycanla həm Ermənistan, həm də İran üzərindən birləşdirilməsi ilə bağlı mesajları regional geosiyasi xəritədə yeni reallıq formalaşdırır. Ağbənd körpüsünün inşası, Zəngəzur dəhlizi və Naxçıvan–Türkiyə dəmir yolu ideyası Azərbaycanın təşəbbüskar və strateji baxışlı siyasətinin göstəricisidir.
Sonda millət vəkili vurğulayıb ki, Prezidentin sülh çağırışları Azərbaycanın gücünün sivil və konstruktiv məqsədlərə xidmət etdiyini göstərir. Güclü dövlət iradəsi və milli maraqlara əsaslanan bu siyasət Azərbaycanı regionda sabitliyin və davamlı inkişafın əsas təminatçısına çevirir.
Tahirə AĞAMİRZƏ