Bunu açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.
Avropa dövlətləri ilə imzalanmış strateji tərəfdaşlıq sənədlərinin və yüksəksəviyyəli siyasi dialoqun önəmindən bəhs edən deputat qeyd edib ki, Azərbaycanın Avropa ölkələri ilə münasibətləri qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq modeli üzərində qurulub. Təbii ki, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji və iqtisadi tərəfdaşlıq bu münasibətlərin əsas istiqamətlərini təşkil edir.
“Bu xüsusda, Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında münasibətlərin yalnız ikitərəfli deyil, daha geniş geosiyasi və geoiqtisadi kontekstdə əhəmiyyətini daha da artırır”, - deyən Mircəlil Qasımlı söyləyib ki, həm Azərbaycan, həm də Serbiya mürəkkəb beynəlxalq mühitdə milli maraqlara əsaslanan müstəqil siyasət yürüdən ölkələrdir. Prezident İlham Əliyev ilə Prezident Aleksandar Vuçiç arasında formalaşmış dostluq münasibətləri iki ölkə arasında münasibətlərin inkişafına mühüm təkan verir.
Enerji sahəsində əməkdaşlığın iki ölkə arasındakı münasibətlərin əsas istiqamətlərindən olduğunu bildirən deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın Serbiyaya təbii qaz ixracı həcmlərini artıracağını bəyan etdi. Eyni zamanda, səfər çərçivəsində Serbiyada qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Sazişin imzalanması ilə iki ölkə arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atıldı.
“Prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində aparılan müzakirələr, mübadilə edilən sənədlər ölkələrimiz arasında uzunmüddətli, çoxşaxəli və səmərəli əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Eləcə də Azərbaycan–Serbiya əməkdaşlığı Cənubi Qafqaz və Balkan ölkələri arasında yeni iqtisadi imkanlar yaratmaqla regionlararası əlaqələrin genişlənməsinə də yol açır”, - deyə Mircəlil Qasımlı əlavə edib. (AZƏRTAC)