“Vətən səsi” erməni mediasına istinadən xəbər verir ki, keçmiş “dövlət naziri” son vaxtlar siyasi və psixoloji gərginlikdə olan Arutyunyanla həmrəylik nümayiş etdirməyə başlayıb. Belə ki, qondarma rejimin sabiq “dövlət naziri” Ruben Vardanyan “Biz təslim olmayacayıq. Müharibə olsa buna da hazırıq” – deyə, sərsəm bəyanatla çıxış edib.
Xatırladaq ki, separatçıların başçısı Araik Arutyunyan da dünən oxşar bəyanatla çıxış etmişdi. Laçındakı nəzarət-buraxılış məntəqəsinin qaçaqmalçı quldurların üzünə bağlanmasından sonra çıxılmaz vəziyyətdə qalan və Brüssel görüşünün nəticələrindən qeyzlənən separatçı-terrorçu dəstənin lideri beynəlxalq ictimaiyyət qarşısında şərt qoyaraq deyib ki, “bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, həm “Artsaxda” (hazırda ermənilərin yaşadığı ərazini nəzərdə tutur), həm də ondan kənarda daha sərt tədbirlərə əl atılacaq”. İndi isə Azərbaycanın təzyiqləri ilə “dövlət naziri” postundan azaqlaşdırdığı Vardanyan onun bu hədə-qorxusunu başqa formada təkrar etdirir. Görünür, çıxılmaz vəziyyətdə olan separatçılar sonuncu çıxış yolu kimi, yenə də şantaj kartını işə salmaq məcburiyyətindədirlər. Ancaq bu cür şantajlar da Azərbaycanın beynəlxalq ictimaiyyətin qəbul etdiyi haqlı mövqeyinə təsir etmək gücündə deyil. Çünki 6 dəfə Brüsseldə keçirilən üçtərəfli görüşlərdən sonra hər kəs anlayır ki, məsələ erməni əhalisinin bölgədə olub-olmaması yox, separatçı liderlərin özlərinin taleyinin necə olacağıdır. Ya Ağdam yolu ilə Xankəndiyə daşınan humanitar yardımları qəbul etməli və tədricən Bakıya inteqrasiya olunmalı, ya da girovluqda saxladıqları erməni əhalisi onların nəzarətindən çıxmağa məcbur olacaq.
İstər Araikin, istərsə də Ruben Vardanyanın bəyanatları Qarabağda yaşayan erməni əhalisini “çətin vəziyyətə” hazırlamaq və onların dəstəyindən maksimum dərəcədə bəhrələnmək məqsədi güdür. Halbuki özlərinin şəxsi məqsədlərinin girovluğuna çevirdikləri erməni əhalinin də ən son məqamda onların sözünü deməyəcəklərinə əmindirlər.
Elxan SALAHOV