Prezident bildirdi ki, Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi ilə bağlı təkliflərə Azərbaycan tərəfinə də müraciətlər daxil olub. Lakin bu məsələ ilə bağlı konkret qərar verməzdən öncə əməliyyatların mandatı və miqyası ilə bağlı bütün detallara aydınlıq gətirilməlidir. “Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik,” - deyə Prezident qəti mövqe ortaya qoydu.
Politoloq Turan Rzayev də bu açıqlamanı şərh edərək qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada sabitləşdirici qüvvələrin yerləşdirilməsi barədə mümkün qərarı müsbət hadisə sayılsa da, Azərbaycanın həmin missiyada iştirak etməməsi həm gözlənilən, həm də əsaslandırılmış mövqedir.
Onun sözlərinə görə, ölkəmiz 44 günlük Vətən müharibəsində ciddi itkilər verib və vətəndaşların həyatını risq altına atacaq beynəlxalq əməliyyatlarda iştirakdan təbii olaraq çəkinir.
"Bizim İraqda, buna qədər isə Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Eyni zamanda, ölkəmiz Fələstin məsələsində humanitar və mənəvi dəstəyi daim göstərir, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu mövzuda fəal iştirak edir. Amma Azərbaycan bu kimi mürəkkəb region məsələlərində siyasi və hərbi cəhətdən ehtiyatlı və ölçülmüş qərarlar verir.
Prezidentin qeyd etdiyi kimi, qeyri-ərəb müsəlman ölkələrinin bu məsələdə emosional deyil, ağıllı və strateji qərarlar qəbul etməsi vacibdir. Beləliklə, Azərbaycanın mövqeyi həm beynəlxalq hüquqa, həm də milli təhlükəsizlik prioritetlərinə əsaslanır. Bu, balanslaşdırılmış və uzaqgörən bir yanaşmadır.
Tahirə AĞAMİRZƏ