Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərsə də, erməni tərəfi bu davranışları ilə sülhə maraqlı olmadığını nümayiş etdirir. Əslində, belə təxribatların törədilməsi gözlənilən idi. Çünki Fransa Avropa İttifaqında əsas söz sahiblərindən biridir və Parisin diktəsi ilə Ermənistanın təxribatlara əl atması təəccüblü görünməməlidir. Xatırladaq ki, hələ sözügedən görüşdən bir neçə gün əvvəl Ermənistan şərti sərhədə ağır texnika və canlı qüvvə toplamağa başlamışdı.
S.Fətəliyeva vurğulayıb ki, Ermənistan heç kimə güvənməməlidir. Bu ölkə 2020-ci ildən etibarən baş verən hadisələri, təxribatlar törətdikdən sonra başına gələnləri unutmamalı, bunlardan dərs çıxarmalıdır.
Fransanın Ermənistanı silahlandırdığını xatırladan deputat qeyd edib ki, bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir. Məqsəd bölgədə yeni müharibəni alovlandırmaqdır. Bununla da, Fransa Ermənistana dəstək bəhanəsi ilə regiona daxil olmağa çalışır. Ona görə də, rəsmi Paris bəzi beynəlxalq aktorları da prosesə cəlb etməyə cəhd göstərir.
“Azərbaycan tezliklə Ermənistanla sülh sazişinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, bu səbəbdən mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüququn normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Rəsmi İrəvan Qərbdəki havadarlarına, xüsusilə Fransaya güvənməməlidir”, - deyə S.Fətəliyeva diqqətə çatdırıb. (AZƏRTAC)