“Lurer.com”un oktyabrın 26-da yaydığı “İrəvanda Kanadanın səfirliyi açılacaq” başlıqlı məqalədə göstərilir ki, bu günlərdə Ermənistanın bir qrup deputatı Kanada xarici işlər nazirliyi şurasının katibi deputat Robert Olifnitlə görüşüblər. Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb. Ermənistan parlamentinin insan haqlarının müdafiəsi və ictimai məsələlər komissiyasının sədri, bitərəf Taquhi Tovmasyan özünün feysbuk səhifəsində yazıb ki, Ermənistan Kanada əlaqələri yeni mərhələyə qədəm qoyub və tezliklə Ermənistanda Kanadanın səfirliyi açılacaqdır. Erməni deputat daha sonra Kanadaya minnətdar olduğunu vurğulayır və bildirir ki, 2020-ci ildə Kanada Türkiyəyə hərbi məhsullar, o cümlədən təyyarə istehsalı üçün mühərriklər göndərilməsini dayandırıb. Kanadanın daim Ermənistanı dəstəklədiyini bir neçə yerdə yaltaqcasına xatırladan erməni qadın onu da əlavə edib ki, “arsax”ın müstəqilliyi məsələsi də Kanadada parlament səviyyəsində dəfələrlə siyasi müzakirə mövzusuna çevrilib və bütün bunlara görə təkcə Ermənistan əhalisi deyil, həm də erməni lobbisi Kanada xalqına minnətdarlığını bildirib və indi də ona arxalanır.
Əlbəttə, bir ölkənin başqa bir ölkə ilə diplomatik münasibətlər qurması təbii və başadüşüləndir. Ancaq obyektivlik tələb olunan dünya siyasi düzənində həqiqəti görməmək ən azı bəşəri duyğulardan uzaq olmaq deməkdir. Kanadanın da Fransa, Hindistan və İran kimi dövlətlərə qoşulub təcavüzkarla təcavüz olunanı eyni gözdə görməsi təkcə siyasi ədalət baxımından deyil, həm də adi insani davranışlar baxımından şərəfsizlikdir. Vaxtilə Türkiyədən böyük maddi və mənəvi dəstək alaraq ölkədaxili iqtisadi problemlərini qaydaya salan Kanadanın indi Türkiyə və Azərbaycana qarşı qərəzli mövqe tutması deməyə əsas verir ki, bu ölkə də elə Ermənistan və İran kimi qaragüruhçular tərəfindən idarə olunur.
Nəsib QARAMANLI