Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə, bu təşəbbüs həm dövlət qulluqçularının sosial müdafiəsinin artırılması, həm də onların ailələrinin maddi rifahının dəstəklənməsi məqsədi daşıyır.
Deputat qeyd edib ki, qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər. Bu əsasla dövlət qulluğuna xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödəniləcək.
Vüqar Bayramov bildirib ki, 2024-cü ilin yekunlarına əsasən, dövlət qulluqçularının sayı 27,4 min nəfərdir və onların orta aylıq nominal məvacibi təxminən iki min manatdır. Bu o deməkdir, yeni müavinətin məbləği orta hesabla 8 min manat (orta aylıq dövlət məvacibi- 2 min manat X 4) olacaq. Bu müavinətin təyinatında məqsəd vətəndaşlarımızın sosial təmminatını daha da gücləndirmək və dövlət qulluqçularının ailələri üçün sosial müdafiə imkanlarını genişləndirməkdir.
Tahirə AĞAMİRZƏ