21.11.2024, 17:39
AZ EN
03.06.2022, 11:00 508

Erməni deputatlar yumruq davasına çıxacaqlar

YAZILAR

Ermənistanda aprel ayının 17-dən indiyədək davam edən etiraz aksiyasının təşəbbüskarı «Badiv unem» fraksiyasının rəhbəri Artur Vanesyanı bir neçə gündən sonra daşnak deputat, vitse-spiker İşxan Sağatelyanın nə üçün əvəz etməsi ilə bağlı erməni ekspertlərinin fikirləri çox vaxt üst-üstə düşür.

Politoloq Stepan Qriqoryanın «Azadlıq» TV-nin erməni xidmətinə verdiyi müsahibədən aydın olur ki, Sağatelyanı müxalifətin lideri edən məhz Koçaryanla Sarkisyan olub. Onların ikisi də hakimiyyətdə olduqları zaman vətəndaşların əksəriyyətinin rəğbətini qazanmadıqlarına görə aksiyaların keçirilməsində rəhbər funksiya daşıyacaqları təqdirdə sosial bazanın daha da azalacağına əmin olduq­larına görə məhz belə addım atıblar. «Hraparak» qəzetinin 2 iyun tarixli sayında isə göstərilir ki, İşxan Sağatelyan və onun komandası iyunun 1-də «Daşnaksütyun» partiyasının qərargahında parlamentdə təmsil olunmayan 20-yə yaxın siyasi qurumun rəhbərləri ilə görüşüb və onların indiki durum barədə fikirlərini öyrənmək istədiyini bildirib. Görüşdə iştirak edən partiya rəhbərləri sırasında milli özünütəyin partiyasının sədri Paruyr Hayrikyan da olub və o, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan danışıqlarının müsbət nəticə verməsinin, həmişəlik sülhün tərəfdarı olduğunu vurğulayıb. «Beynəlmiləl Ermənistan», «5165» hərəkatı və s. siyasi qurumlar iyunun 3-də saat 16-da müxalifətin parlamentə təqdim edəcəyi Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri barədə layihənin gündəliyə salınıb müzakirə olunmasını və onu dəstəkləyəcəklərini bildiriblər.

Yerigəlmişkən xatırladaq ki, 1988-ci ilin fevralında Xankəndidə erməni seperatizmi başlayarkən P.Hayrikyan bildirmişdi ki, Qafqazın hər 3 respublikası SSRİ-nin tərkibindən ayrılıb, aralarında olan məsələləri yalnız dəyirmi masa ətrafında həll etməlidirlər. Paruyr Hayrikyan Sumqayıt hadisələrinin məhz SSRİ DTK-si tərəfindən təşkil olunduğunu vurğulayaraq Qafqaz xalqlarının bir-biri ilə düşmənçilik etməsinin böyük faciələrlə nəticələnəcəyini proq­noz etmişdi və bu mövqeyinə görə o təzyiqlərdən yaxa qurtarmaq üçün bir müddət Fransada yaşamağa məcbur olmuşdu.

Erməni KİV-lərində iyunun 3-də müxalifət tərəfdarlarının parlament binası önünə yığışacağı barədə xəbərlər də dolaşmaqdadır. Bəzi saytlarda isə vurğulanır ki, iyunun 3-də Ermənistanda vətəndaş müharibəsinin təməli qoyula bilər.

Məlum olduğu kimi, 1 iyun dünyada uşaqları müdafiə günü kimi qeyd olunur. Müxtəlif erməni saytlarında yerləşdirilmiş videoçarxlarda göstərilir ki, Baş nazir N.Paşinyan iyunun 1-də küçədə piyada gəzərkən rastına çıxan uşaqları başına toplayaraq yaxınlıqdakı marketə girib satıcıdan uşaqlar nə istəyirsə verməsini xahiş edib və onlara paylanılmış şirniyyatın pulunu özü ödəyib. Fransa meydanında isə İ.Sağatelyanın çağırışı ilə ana və uşaqların mitinqi keçirilib. Burada uşaqlar milli müsiqidən daha çox müxalifət liderlərinin siyasi söhbətlərini eşidiblər. Bu isə Ermənistanın ombudsmanı Kristina Qriqoryanın məsələyə münasibət bildirməsinə səbəb olub. Ombudsman jurnalistlərlə müsahibəsində deyib ki, hər bir uşaq vətənini sevməli, onun tarixini bilməli, böyük şəxsiyyətlərinə ehtiram göstərməlidir. «Amma uşaqlar böyüklərin siyasi iradəsinin həyata keçirilməsində alətə çevrilməməlidir», - deyə K.Qriqoryan siyasi proseslərdə uşaqların iştirakının yolverilməz olduğunu vurğulayıb.

Ermənistan hökumətində baş nazir N.Paşinyanın sədrliyi ilə iyunun 2-də keçirilən iclasda 2021-ci ilin dövlət büdcəsinin yerinə yetiriməsi ilə yanaşı daha 40 məsələ müzakirə olunub. 24 NEWS-da yerləşdirilmiş videoçarxda görünür ki, bir qrup şəxs həmin vaxt hökumət binasının qarşısına toplaşaraq vergilərin azaldılmasını tələb edən şüarlar səsləndirir, 44 günlük müharibədə ölənlərin qohumları isə hökumətdən müraciətlərinə cavab gözləyirlər. Həmin qadınlardan biri deyir: «Biz vətənpərvər övladlar yetişdirib cəbhəyə göndərdiyimizə görə indi peşman olmuşuq. Çünki onlar canlarını qurban verdilər, amma burada kabinetlərdə əyləşənlər o vaxt da, indi də kef çəkməkdədilər».

«Hraparak» qəzetinin 2 iyun tarixli sayında dərc olunmuş «Yerabulurda oğurluq» sərlövhəli yazıda qeyd olunur ki, müharibədə həlak olanların dəfn olunduğu bu ərazidə mayor Georgi Minasyanın qəbrini ziyarət edən bacısı M.Xaçatıryanın başı ağlamağa, qəbrə xidmətə qarışdığından onun çantası oğurlanıb. Çantanın içində xeyli pul, bank kartları və zinyət əşyaları olub. Ermənistan müdafiə nazirliyinin hərbi polisi axtarış nəticəsində Andranik küçəsində yaşayan V.S.N.-nı tutub və o istintaq zamanı Yerabulurdakı oğurluğu etiraf edib. Bu fakt ermənilərin hansı mənəviyyat sahibi olduqlarını bir daha təsdiqləyir. Siyasi həyatda olduğu kimi, məişətdə də qeyri-insani əməllərlə məşhurlaşan ermənilərin iyun ayının 3-də parlamentdə necə hərəkət edəcəkləri isə indidən məlumdur: qarşılıqlı söyüşlər, qarğışlar və yumruq davası.

Nəsib QARAMANLI

Oxşar xəbərlər