19.11.2025, 22:06
AZ EN
12.11.2025, 09:55 218

Konstitusiya Günü - Hüquqi dövlət quruculuğunun təməl günü

YAZILAR
  • 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ölkəmizin dövlətçilik tarixində mühüm yer tutur. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının əsasını qoydu. Bu sənəd ölkənin hüquqi sisteminin təməl daşı olmaqla yanaşı, insan hüquq və azadlıqlarının təminatçısı, dövlətin ali hüquqi qüvvəyə malik normativ aktıdır.

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur. Ölkəmizin əsas qanunu 30 il öncə – 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. 

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Dövlətçiliyimizin möhkəmlənməsində və hüquqi cəmiyyətin qurulmasında əsas rol oynayan bu sənədin hazırlanması və qəbulu məhz Ulu Öndərin uzaqgörənliyi və siyasi iradəsi sayəsində mümkün olub.

Deputat əlavə edib ki, Konstitusiyanın qəbulu eyni zamanda Azərbaycanda iqtisadi islahatların dərinləşməsinə və xüsusən də özəl sektorun inkişafına ciddi təkan verib: 

"Konstitusiyamızın qəbulundan keçən 30 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. 1995-ci ildə 300 dollar olan adambaşına düşən ÜDM 2025-ci ildə 7600 dollara yüksələrək 25 dəfədən çox artım göstərəcək. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, postsovet məkanında bu sahədə ən böyük irəliləyiş məhz Azərbaycanda qeydə alınıb".

Millət vəkili vurğulayıb ki, Konstitusiyanın mühüm töhfələrindən biri də mülkiyyət hüquqlarının təsnifləşdirilməsi və liberal iqtisadiyyatın inkişafının hüquqi əsaslar üzərində qurulmasıdır: 

"Nəticədə, son 30 ildə Azərbaycan iqtisadiyyatına 300 milyard dollardan artıq sərmayə cəlb edilib".

Vüqar Bayramov qeyd edib ki, bu gün artıq ölkənin bütün suveren ərazilərində vətəndaşların konstitusional hüquqları təmin olunur: 

"Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu hüquqlar işğaldan azad olunmuş torpaqlarımızda da qorunur. Bu isə Azərbaycan tarixində yeni bir inkişaf mərhələsinin başlandığını göstərir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər