Bunu siyasi şərhçi Elxan Şahinoğlu açıqlamasında deyib.
O, bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Çin lideri Si Cinpinlə görüşdə açıq söyləyib ki, Ermənistanla sülh bərqərar olub: "Odur ki, İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla müxtəlif toplantılarda ayaqüstü görüşləri adi hal alıb. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın onlara qoşulması isə Türkiyə-Ermənistan dialoqunun genişlənməsindən və yaxın gələcəkdə üçlü formatın təsis oluna biləcəyindən xəbər verir".
Politoloq daha sonra əlavə edib:
"Rusiyanın informasiya agentlikləri Prezident Vladimir Putinin Çində Nikol Paşinyanla görüşün planlaşdırılmadığını, ancaq iki liderin görüşdüyünə diqqət çəkiblər. Putin təsadüfən Paşinyanla görüşməyib, bu təmas da əvvəlcədən planlaşdırılıb. Kremlin nəzarətindəki medianı Çindəki şəkillər içərisində ən çox qıcıqlandıran İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun mehribancasına söhbəti olub. Kreml mediasının yanlış məntiqinə görə, əgər Belarus Rusiyanın ən yaxın müttəfiqidirsə, bu ölkənin lideri Kremlin münasibətləri gərginləşdirdiyi Azərbaycan lideri ilə görüşməməlidir. Bu
amilin özü Kremlin müttəfiqlərinə də yuxarından aşağı baxmasının göstəricisidir".
Tahirə AĞAMİRZƏ