24.06.2025, 16:06
AZ EN
24.06.2025, 11:31 219

Qərbi Azərbaycana qayıdış prioritetdir

YAZILAR
  • Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında Qərbi Azərbaycan məsələsi xüsusi yer tutur.  Prezident İlham Əliyev dəfələrlə  müxtəlif kontekstlərdə azərbaycanlıların Qərbi Azərbaycan məsələsində əsaslı olaraq  çox həssas olduqlarını və bunun  dövlətçilik üçün strateji mahiyyət kəsb  etdiyini deyib: “Burada əlbəttə ki, biz Ermənistan rəhbərliyindən çox dəqiq və  beynəlxalq hüquqa uyğun  mövqe gözləyirik.  Onlar hələ ki, susmağa üstünlük verirlər.  Halbu ki, dəfələrlə biz  bu məsələni dilə gətirmişik və onlardan konkret cavab gözləyirik.  Nə vaxt, hansı şərtlərlə  azərbaycanlılar o bölgələrə qayıda bilərlər?

Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların  yaşadıqları kəndlərin böyük əksəriyyəti tamamilə  boş qalıb.  Orada heç kim yaşamır. Ora qayıtmaq o qədər də böyük problem deyil”.

Məhz bunun nəticəsidir ki,  beynəlxalq arenada Qərbi Azərbaycana qayıdış prioritet məsələlərdən biridir. İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının  Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası zamanı bir sıra qərarlar, İstanbul bəyannaməsi, eləcə də  ilk  dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı  5 qətmanə qəbul olunub. 

Millət vəkili Pərvanə Vəliyeva  “Real”a açıqlamasında bildirib ki,  İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri bu məsələdə fəal olmağa çağırır: “Bu baxımdan da Ermənistan ərazisində qalan azərbaycanlıların  uzun illər ərzində yaşayıb yaratdığı, irs qouyub getdiyi İslam mədəni irsinə aid olan  tarixi abidələr, məscidlərimizin talan edilməsi, onların viran vəziyyətə gətirilməsi həqiqətən də  narahatlıq doğurur və bu barədə  beynəlxalq ictimaiyyətin də  Azərbaycanın haqlı narazılıqlarına və ədalətli tələblərinə  səs verməsi, onun səsinin duyulması o deməkdir ki,  həqiqətən beynəlxalq ictimaiyyət Qərbi Azərbaycanlıların geri qayıdışı ilə bağlı  məsələdə Azərbaycanla həmrəydir və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin də bu məsələdə  həmrəy olduğunu bir daha göstərir”.

Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin  qəbul edilməsi xüsusilə əlamətdar olub. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq qəbul edilən  hazırkı Ermənistan ərazilərindən  zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların  Qayıdış Hüququ adlı qətnamədə  Təşkilata üzv ölkələrin  Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyi ifadə olunur. Habelə  Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının  inkar olunması qınanılır. Həmçinin Ermənistanın təcavüzü  nəticəsində öz yurdlarından  didərgin düşən  məcburi köçkünlərin ləyaqətli geri qayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma və mina təmizləmə səylərinə dəstəyi ifadə olunur.

“Həqiqətən də beynəlxalq müstəviyə  məsələnin çıxarılması Qərbi Azərbaycan İcması ilə İƏT tərəfindən belə bir təşəbbüs göstərilib bəyannamə qəbul edilməsi, daha sonra mədəni irsimizlə bağlı bir qətnamənin qəbul edilməsi Qərbi Azərbaycanda qalan mədəni irs nümunələri ilə bağlı biz narahatıq və onların qorunub saxlanması beynəlxalq  ictimaiyyət tərəfindən  dəstəklənməlidir. Bu məsələdə də Azərbaycanın prinsipiallığını göstərir və Qərbi Azərbaycandan çıxarılmış 300 mindən çox soydaşımızın siyasi məsələlərə görə həmin dövrdə Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması o demək deyil ki, onların  öz tarixi ata-baba yurdlarına geri qayıtmaq hüququ yoxdur. Əlbəttə ki, bu hüquqlar BMT-nin bir çox  beynəlxalq sənədlərində öz əksini tapıb”,- deyə millət vəkili vurğulayıb.

Ən mühüm nəticələrdə biri də odur ki,  son 3 il ərzində dünya ictimaiyyətinin diqqətinin Qərbi Azərbaycan məsələsinə yönəldilməsinə nail olunub. Son üç ildə də bu istiqamətdə  ciddi addımlar atılıb.  Dəfələrlə Qərbi Azərbaycana qayıdış konsepsiyası Qərbi Azərbaycan İcmasının 8-dən çox müraciəti BMT Baş Assambleyasının  və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi təşkilatın bütün rəsmi dillərində və quruma üzv olan bütün dövlətlər arasında yayılıb. Qərbi Azərbaycanla bağlı sənədin  BMT-nin  Ali Orqanlarının rəsmi  sənədi kimi yayılması  qlobal məkanda məlumat bazasının genişlənməsində mühüm rol oynayır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər