Bunu deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, bəyanatda Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar, həm Erməni lobbisinin bir hissəsi olan İsveç-Ermənistan dostluq qrupu üzvlərinin, həm də Ermənistanın əsl mahiyyətini bir daha ortaya qoyur:
"Nəticə etibarilə, bu bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu.
Bəyanatda Ermənistanı israrla qurban kimi qələmə verməyə çalışanlara xatırlatmaq istərdik ki, Ermənistan onilliklər boyu faşist ideologiyasını bəsləyən bir ölkədir. İşğal dövründə Ermənistan ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı aktları törədib. Ermənistan etnik təmizləmə həyata keçirib və bir milyona yaxın azərbaycanlını öz doğma yurdlarından, o cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salıb".
Deputat vurğulayıb ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə-yeksan edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsi məhv edərək özününküləşdirib. Bu hadisələr baş verən zaman İsveç parlamenti də digərləri kimi sükutunu qorudu. İndi isə insan haqqlarından, beynəlxalq hüquqdan bəhs etməsi sadəcə gülüş yaradır.
İsveç-Ermənistan dostluq qrupunun bu bəyanatı ikili standartlara əsaslanan selektiv və qərəzli yanaşma nümayiş etdirərək, qrup üzvlərinin həqiqi niyyətinin siyasi manipulyasiyalar yolu ilə Azərbaycanı qaralamaqdan ibarət olduğunu nümayiş etdirir".
Hazırladı: Günel QULİYEVA