Bakı münaqişənin tarixə qovuşduğunu bildirsə də İrəvan hələ də ölkədə yeni müharibə hazırlığı olduğu iddialarını qabardır. Həmçinin nəzərə alınmalıdır ki, Ermənistanın müdafiə naziri Suren Papikyan da vaxtaşırı sərhəddəki hərbi hissələrə səfər edir və bu səfərlər Azərbaycanda qorxu ilə qarşılanmır. Ekspertlər İrəvanın bu iddialarının məqsədli olduğunu deyirlər.
Siyasi şərhçi Tural Əliyev mətbuata ssaçıqlamasında bildirib ki, bunu Ermənistan xüsusi canfəşanlıqla mediada işıqlandırmağı, bundan əvvəl və bir neçə ay ərzində istər erməni mediasında, istər Qərb mediasında tirajlanan “Azərbaycan Ermənistana hücuma hazırlaşır. Azərbaycan Ermənistanın cənubunu işğal edəcək” kimi saxta informasiyaların davamı kimi baxmaq olar: “Bu iddianı qaldıranlar indi özlərinə məxsus bəhanə tapıblar ki, baxın, biz bu informasiyaları veririk. Bunun sübutu kimi təqdim etməyə çalışırlar. Amma burda qeyri-adi bir şey yoxdur”.
Erməni mediasında belə informasiyaların tirajlanma məqsədi təkcə sözügedən amillərlə bağlı deyil. Ekspertlərin fikrincə, İrəvan bunda istifadə edərək Qərbin Bakıya qarşı siyasi təzyiqlərini formalaşdırmaq və mövcud təzyiqləri artırmaq niyyətindədir. Analitiklərə görə, Ermənistan guya Azərbaycandan gələn təhlükəni bəhanə edərək sərhədindəki Avropa ittifaqının yarımhərbi missiyasının üzvlərinin sayının artırılmasına da çalışacaq.
Tahirə AĞAMİRZƏ