"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində keçiriləcək seçkilər ərəfəsində müxalifətin öz rəqiblərinə qarşı apardığı gözdənsalma kampaniyasını şərh edərkən deyib. O, bildirib ki, 1990-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hərbi münaqişə səviyyəsinə qaldırmasından sonra ölkədə real sülh olmayıb. Əksinə, xüsusilə Robert Köçəryanın və Serj Sərkisyanın prezidentliyi dövründə aparılan sülh danışıqlarının dalana dirənməsi ilə Ermənistan hakimiyyəti müharibə riskini daha ağrılı həddə çatdırıb: "Ölkədə əvvəllər heç vaxt real sülh olmayıb. Onlar (xüsusilə Robert Köçəryanı və Serj Sərkisyanı nəzərdə tutur - red.) deyir ki, əvvəl sülh var idi – bu, kinik yalandır. Əvvəlki illərdə çoxlu itkilər və yaralılar var idi. Bu, sülh deyildi, sadəcə müharibənin təxirə salınması idi".
Paşinyan müxalifətin sülhlə bağlı iddialarını sərt tənqid edərək deyib ki, Ermənistan 30 il davam müharibə vəziyyətinin əvəzini dövlətçilik, iqtisadi inkişaf və müstəqillik baxımından ödəyib. Onun sözlərinə görə, 2016-cı il "Aprel döyüşləri" Ermənistanda bu yanaşmanı dəyişdi və yeni reallıq formalaşdırdı.
Paşinyanın fikirincə, ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmalardan sonra Ermənistan tarixində ilk dəfə olaraq real sülh şəraitində yaşayır: "2025 ilk təqvim ili oldu ki, itkilərimiz olmadı. 2024-cü ilin martından bəri nə ölən, nə də yaralanan var".
Ermənistanın Baş naziri əlavə edib ki, sülh sazişi hələ tam imzalanmasa da, artıq tərəflər arasında hüquqi əsaslar formalaşıb. Nikol Paşinyanın sözlərinə görə, delimitasiya komissiyalarının təsdiqlədiyi birgə fəaliyyət qaydaları sənədə hüquqi qüvvə verib.
Elxan SALAHOV