Bu qanlı gecədə yüzlərlə dinc sakin – qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirildi. 613 nəfər öldürüldü, 63-ü uşaq, 106-sı qadın və 70-i yaşlı insan olmaqla, yüzlərlə günahsız insan həyatını itirdi, 8 ailə tamamilə məhv edildi,
487 nəfər ağır yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü.
Xalqımız növbəti dəfə erməni vəhşiliyinə məruz qaldı. Xocalı soyqırımı - insanlığa və bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir, vəhşilikdir.
Erməni vəhşiliyi ilə üzləşən Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi talan olunub, XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq ermənilər tərəfindən vəhşiliklə dağıdılıb.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, bu hadisə təkcə Azərbaycan tarixində deyil, dünya tarixində də ən qanlı soyqırımlardan biri kimi dəyərləndirilir.
Rəsmi Bakı Xocalı faciəsinin soyqırım kimi tanınması üçün beynəlxalq müstəvidə müstəsna işlər görür. "Xocalıya Ədalət" kampaniyası çərçivəsində artıq bəzi ölkələr bu hadisəni soyqırımı kimi qəbul edib.
"Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Hər il Fevral ayının 26-da Azərbaycan xalqı Xocalı şəhidlərini dərin hüzn və ehtiramla yad edir. Bu faciə tariximizin qanlı səhifələrindən biri kimi daim yaddaşımızdadır. Xalqımız Xocalı qurbanlarının xatirəsini hər zaman anacaqdır.
Hazırladı: Günel QULİYEVA