Müsahibəsində dövlətimizin başçısı təyyarənin pilotları və ekipaj üzvlərinin fədakarlığını xüsusi qeyd edərək, onların fəaliyyətini, peşəkarlığını çox yüksək qiymətləndirdiyini, pilotların və bütün ekipajın böyük qəhrəmanlıq göstərdiyini bildirdi".
Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin AZTV-yə müsahibəsində xüsusi bir məqam isə Rusiyaya yönələn prinsipial fikirləri dövlət başçımızın Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etməsi oldu: "Prezident Azərbaycanın Qərb və Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu, lakin özünün milli mənafelərini heç bir halda güzəştə getməyəcəyini bir daha bəyan etdi.
Dövlət başçısının AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra Rusiya tərəfinin bu hadisə ilə əlaqədar səsləndirdiyi iddialara kəskin cavabı da xüsusi qeyd olunmalıdır. Azərbaycan Prezidentinin həmin fikirləri dünya mediasında da geniş işıqlandırıldı. Bu mövqe ifadəsi onu göstərir ki, Azərbaycan hər hansı təzyiqə rəğmən, özünün müstəqil siyasətini əzmlə davam etdirəcək.
Məlum olduğu kimi, Rusiya tərəfi artıq təyyarə qəzasına görə öz səhvini etiraf etdi və ölkənin Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq etdi. Qeyd etməliyik ki, bütün bu proses və nəticə Prezident İlham Əliyevin qətiyyətli prinsipiallığı nəticəsində baş verdi.
İlk gündən Prezident İlham Əliyev bu məsələyə çox operativ reaksiya verdi, Rusiyaya səfərindən geri döndü, müşavirə keçirərək komissiya yaratdı və bütün zəruri addımları atdı.
Azərbaycan sona kimi öz mövqeyini qəti şəkildə ortaya qoydu və Rusiya tərəfi də anladı ki, Azərbaycandan üzr istəməkdən başqa yol yoxdur. Çünki bu, sadə bir məsələ deyildi və bütün dünyada çox geniş bir formada müzakirə olunurdu. Beləliklə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan növbəti dəfə öz prinsipiallığını qorudu və məqsədinə nail oldu. Yəni Azərbaycanın istəyi də bundan ibarət idi ki, Rusiya tərəfi bu faciənin baş verməsinə görə təəssüflənsin və üzrxahlıq etsin. Artıq Azərbaycan məqsədinə nail oldu və bu, Prezidentin rəhbərliyi altında Azərbaycanın uğuru kimi qiymətləndirməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng etdiyini, xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirdiyini söylədi. Bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirdiyini qeyd etdi. Bununla yanaşı, Qazaxıstanın sadə vətəndaşlarının da bu işlərdə verdikləri dəstəyi bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirdiyini, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini bir daha müsahibəsində qeyd etdi.
Faciənin baş verməsindən sonra, Qazaxıstan və Azərbaycanın yalnız sözdə deyil, əməldə də müttəfiq olmaları bir daha özünü sübut etdi".
Tahirə AĞAMİRZƏ