Bu sözləri politoloq Samir Hümbətov Vətənsəsi.az-a açıqlamasında deyib. Politoloq əlavə edib ki, burada əsas məqsəd Qərbi Azərbaycandan 100 il, bəlkə də, daha çox müddət ərzində qovulmuş, qaçqın düşmüş azərbaycanlıları öz doğma yurd-yuvalarına qayıdış proseslərini sürətləndirməkdir: “Təbii ki, orda bizim tarixi torpaqlarımız, tarixi abidələrimiz, (hərçənd ki, indi onların böyük əksəriyyəti erməni faşizminin qurbanı olaraq dağıdılıb, silinib) yaşayış yerlərimiz, dədə-babalarımızın qəbirləri və digər bizim üçün əziz olan maddi-mədəniyyət nümunələri var. Eyni zamanda tarixi torpaqlarımızda yaşamaq haqqımızı istəyirik. Hesab edirəm ki, bu bu istiqamətdə Qərbi Azərbaycan İcmasının fəaliyyəti xüsusilə nəzərə çarpandır və aktiv şəkildə bu proses həyata keçirilir. Təbii ki, Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanlılarla bağlı keçirilən bu konfransında beynəlxaqlq ictimaiyyətin diqqətini bu istiqamətə yönəltmək məqsədi də var. Çünki biz görürük ki, yalanlarla dolu, iftiralarla dolu, feyk xəbərlərlərin yayıldığı bir dünyada, xüsusilə də erməni lobbisinin təsiri altında olan dövlətlər, güc mərkəzləri, media resursları açıq şəkldə, hər gün demək olar ki, adət halını almış bir şəkildə Azərbaycana qarşı, azərbaycanlılara qarşı qarayaxma kampaniyası həyata keçirdirlər və bunun qarşısının alınmasında da ən böyük vasitələrdən biri, bəlkə də, birincisi elə məhz Qərbi azərbayanlıların öz doğma yurd-yuvalarına qayıdışı prosesinin hüquqi formada, təşkilatlanmış formada həyata keçirilməsini təmin etməkdir. O baxımdan düşünürəm ki, baş tutacaq konfransın böyük tarixi əhəmiyyəti var və düşünürəm ki, xüsusilə də son dövrlər Ermənistan-Azərbaycan arasında sülh danışıqları prosesində Ermənistanın iddia etdiyi kimi müəyyən bir irəliləyiş anlayışı ortaya çıxdığı bir halda, biz də təbii ki, burda özümüzün istək və təkliflərimizi onlara verməliyik. Hesab edirəm ki, Ermənistan dövləti görməlidir ki, təşkilatlanma olduğu yerdə əməli fəaliyyət mümkündür. Təşkilatlanma olduğu yerdə mümkün nəticələrin əldə edilməsi mümkündür. Nəhayət, təşkilatlanma olduğu yerdə ciddi fəaliyyət istiqamətlərinin həyata keçirilməsi mümkündür. Bu baxımdan düşünürəm ki, bu konfransın böyük tarixi, siyasi və mənəvi əhəmiyyətə malik olmasını xüsusi qeyd etmək mümkündür.
Tahirə AĞAMİRZƏ