21.11.2024, 13:24
AZ EN
22.03.2022, 17:00 241

The National Interest: “Hayastan” ümumerməni fondu ilə nə baş verir?

YAZILAR

Amerikanın “The National Interest” nəşrində jurnalist Aleksandr Srbinovskinin “Hayastan” ümumerməni fondu ilə nə baş verir?” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə qondarma xeyriyyə təşkilatı olan “Hayastan” ümumerməni fondunun korrupsiya, cinayətkarlıq və hətta hərbi cinayətlərə təhrikçilikdə uzun illər əli olduğu barədə söhbət açılır. Qeyd edilir ki, ermənilərə həm də “Ximnadram” adı ilə tanış olan “Hayastan” ümumerməni fondu hələ 1992-ci ildə “Ermənistanın özünün iqtisadi inkişafını dəstəkləmək” məqsədilə erməni diasporundan pul toplanması üçün yaradılmışdı. Bütövlükdə fondun mövcudluğu dövründə Ermənistanın 1 milyona yaxın vətəndaşı ümumilikdə cəlb olunan təqribən 400 milyon dollar vəsaitdən necə də olsa istifadə edib.

Müəllif yazır ki, “Ximnadram” tərəfindən toplanan pullar 2020-ci ildə 44 günlük müharibədə Ermənistanın hərbi ehtiyacları üçün istifadə olunub. Fond qlobal telemarafonlar vasitəsilə təxminən 200 milyon dollar yığmağı bacarıb. ABŞ, Avropa, Avstraliya və dünyanın digər yerlərindən 750 minə yaxın insan Azərbaycana qarşı cinayətkar müharibədə ermənilərə yardım fonduna pul keçirirdilər. Fondun nizamnaməsində bu vəsaitlərin Ermənistan hökuməti tərəfindən birbaşa əldə etməsinin qeyri-mümkünlüyü dəqiq göstərilsə də, buna baxmayaraq, toplanan vəsaitin təqribən 60 faizi birbaşa dövlət büdcəsinə köçürülüb.

“Ximnadram” fəaliyyətə başladığı ilk günlərdən Ermənistanın daxili siyasətinə cəlb edilib. 1992-ci ildə fond yaradılanda ona Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyanın rəfiqəsi və silahdaşı Manuşak Petrosyan rəhbərlik edirdi. O, fonda başçılıq etdiyi dövr ərzində yetərincə varidat toplayıb, o cümlədən dəbdəbəli evlər, mağazalar və restoranlar şəbəkəsinə sahib olub. 2007-ci ildə “Ximnadram” Göyçə (Sevan) gölünün çimərliklərində “Kaputak Sevan” kurort kompleksində vindsörfinq mərkəzinin tikintisini maliyyələşdirib. Kurort Bella Koçaryana – sabiq prezident Robert Koçaryanın arvadına məxsusdur. Fond obyekt üçün zəruri olan avadanlığın da alınma xərclərini ödəyib.

Burada çirkli pulların yuyulması ilə bağlı sual ortaya çıxır. Qara bazarda illik təqribən 300 milyon dollar həcmdə vergilərin ödənməsindən yayınan ölkələrdən biri kimi Ermənistan və 30 il ərzində Azərbaycanın işğal altında olan Qarabağ regionu beynəlxalq təftişin uzun illər aparılması mümkün olmayan hüquqi “boz zona” kimi uzun müddət “Ximnadram”ın qeyri-qanuni fəaliyyəti üçün sığınacaq rolunu oynayıblar.

“Ximnadram” Ermənistanı işğal altında olan Qarabağla birləşdirən iki avtomobil magistralının tikintisini maliyyələşdirib: bu magistralın biri Azərbaycanın Şuşa və Laçın rayonlarından, digəri Kəlbəcər rayonundan keçir. Qarabağda bir neçə digər yollara, o cümlədən “Şimal-Cənub” yoluna da asfalt döşənib. Müəllif qeyd edir ki, “Şimal-Cənub” yolu Araz çayının ən cənub sahillərini Ermənistan ilə birləşdirir və əvvəllər əsasən narkotiklərin və silahların daşınması üçün istifadə olunub.

1994-cü ildə Birinci Qarabağ müharibəsi bitdikdən sonra Ermənistan işğal etdiyi rayonlarda yolların qeyri-qanuni tikintisinə başladı. Bu yollardan, ilk növbədə, hərbi məqsədlər üçün istifadə olunması nəzərdə tutulmuşdu. Məhz “Ximnadram” bu yolların böyük hissəsinin tikintisini maliyyələşdirirdi. Bundan ötrü telemarafonlar vasitəsilə təqribən 67 milyon dollar yığılmışdı.

Lakin “Ximnadram”ın Qarabağda fəaliyyəti təkcə yolların tikintisi ilə məhdudlaşmır. Qondarma “Arsax”ın kəndlərini məskunlaşdırma” layihəsi çərçivəsində fond diaspordan olan ermənilərin Qarabağa qanunsuz yerləşdirilməsinə sponsorluq edib. Xüsusən də tarixən azərbaycanlıların yaşadıqları yerlərdə məskunlaşdırılma üzrə səylərin qəbul edilməsi faktı layihənin evsizləri sadəcə evlə təmin etməkdən ibarət olmadığını göstərir: məqsəd azərbaycanlıların öz evlərinə qayıtmasının qarşısını almaq, yeni demoqrafik vəziyyət yaratmaq və dünya ictimaiyyətini icra edilən fakt qarşısında qoymaq idi.

Əgər “xeyriyyə” pullarının hərbi əməliyyatların maliyyələşdirilməsi üçün istifadə olunması sübut olunarsa, o halda “Ximnadram”ın bir neçə hüquqi yurisdiksiyada vergilərdən qeyri-qanuni azad edilməsi məsələsi qaldırıla bilər. Çoxillik tədqiqatlar göstərir ki, Amerikanın xeyriyyə təşkilatları insanları aldadıb və hətta terrorçu təşkilatlar üçün ianə toplayıblar. Məqalənin sonunda Srbinovski yazır ki, beləliklə, “Hayastan” ümumerməni fondunun vergisiz statusunun müxtəlif maraqlı qruplaşmalara dünyanın müxtəlif ölkələrində yaşayan insanlardan pul almağa və həmin vəsaiti öz maraqları, hətta hərbi məqsədlər üçün istifadə etməyə və bunun nəticəsində hərbi cinayətlərin törədilməsinə şərait yaradığını gözləmək olar.

Oxşar xəbərlər