16.04.2025, 02:08
AZ EN
14.04.2025, 16:12 231

Böyük Liderin yeni dünya düzəninə tarixi yanaşması

YAZILAR
  • Azərbaycan Prezidenti İlham Əliyevin siyasi müdrikliyi aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha açıq-aydın müşahidə olundu. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldıqları bu tədbir zamanı Azərbaycan Lideri öz dərin analitik düşüncəsi, yüksək təhlil qabiliyyəti, hadisələri öncədən görməsi və ümumbəşəri problemlərdən çıxış yolu göstərməsi ilə fərqliliyini yenidən nümayiş etdirdi. Prezident İlham Əliyevin hər mövzuya müstəsna dərin yanaşması bir forum iştirakçısı olaraq məni də heyran etdi. Orada hər kəs qarşısında güclü dövlət xadimi, analitik təfəkkürlü strateq və siyasi xadimin əyləşdiyini çox yaxşı başa düşürdü. Sual verənlər dövlət başçısına münasibətdə açıq simpatiya hisslərini gizlətmirdilər. Halbuki forum iştirakçıları sıradan insanlar deyildilər. ADA Universitetinə tanınmış analitiklər, strateji araşdırma mərkəzlərinin adlı-sanlı təmsilçiləri, siyasət və dövlət adamları toplaşmışdı. Bu səbəbdəndir ki, yeni dünya nizamının necə qurulacağı, proseslərin hansı müstəvidə cərəyan edəcəyi, öz ölkələri ilə Azərbaycanın münasibətlərinin perspektivləri ilə bağlı suallara Prezident İlham Əliyevin cavabını axtarırdılar. Azərbaycan Liderinin fikirlərinə böyük əhəmiyyət verdikləri də açıq- aşkar görünürdü.

Bu barədə Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç dövlətimizin başçısının ADA forumundakı çıxışını şərh edərkən söyləyib.

Sabiq səfir deyib: “Forum zamanı daha bir neçə məqam diqqətimi cəlb etdi. İlk növbədə, Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və baş verən hadisələrə dair qətiyyətli, inamlı, fundamental arqumentlərə əsaslanan açıq, aydın və dürüst mövqeyi qeyd olunmalıdır.

Daha bir vacib məqam ondan ibarətdir ki, Azərbaycan artıq nüfuzlu beynəlxalq aktora çevrilib və bu fikir dövlət başçısının açıqlamalarında bir daha öz əksini tapdı. Məsələn, Prezident İlham Əliyev ilk dəfə olaraq Azərbaycanın Türkiyə-İsrail münasibətlərinin düzəlməsinə verdiyi töhfədən bəhs etdi. Başqa bir lider belə bir mürəkkəb məsələdə kiçik bir nəticə əldə etsəydi, dünyanın hər yerində car çəkər və bununla haqlı olaraq öyünərdi. Azərbaycan Prezidenti isə, əslində, dünyada sülhə, regionun sabitliyinə xidmət edən müstəsna əhəmiyyətli nailiyyətinə dair o qədər mütəvazi cümlələr qurdu ki, mən bir daha ona heyran oldum və daxilən başa düşdüm ki, o, öz xalqı tərəfindən nə üçün bu qədər sevilir.

Prezident İlham Əliyev bu günün reallıqlarında qeyri-mümkünü mümkün etməyə nail olan siyasi xadim, millətinin Lideridir. O, 30 illik işğala son qoymuş dövlət başçısıdır. İtirilmiş, qayıtmasına ümidlərin tükəndiyi bir zamanda dünya nəhənglərinin qanlı mübarizəsinin getdiyi bir regionda inanılması qeyri-mümkün olanı bacarmış dövlətin rəhbəridir.

“ADA-dakı tədbirdə mənim böyük şərəf və qürur hissləri ilə verdiyim sualı cavablandırarkən Prezidentin dedikləri həqiqətən də bir vizyon fərqi, yüksək dərəcədə analitik və proqnozlaşdırma qabiliyyətinin təzahürü idi. Bir Liderdə bu qədər inamı və qətiyyəti mən ancaq Atatürkün Sakarya meydan savaşında göstərdiyi dirayət və inancla müqayisə edə bilərəm”, - deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər