Bunu Elxan Şahinoğlu açıqlamasında ifadə edib.
Onun sözlərinə görə, Ermənistanın qərbpəsərt siyasətçiləri və ekspertləri baş nazir Nikol Paşinyana təklif edirlər ki, noyabra qədər İrəvan Avropa İttifaqına üzvlüklə bağlı Brüsselə rəsmi müraciət ünvanlasın, əks halda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qorumaq istəməyəcək və bu ərazi itkisinə səbəb olacaq: "Bu təklifin arxasında o “məntiq” dayanır ki, Rusiyanın bacarmadığını Avropa İttifaqı bacaracaq və Azərbaycan ordusuna yeni mövqelərdə möhkəmlənməyə Brüssel mane olacaq. Avropa İttifaqı bunu necə edəcək, orası maraqlıdır. Məsələnin ikinci tərəfi isə odur ki, Azərbaycanın nə noyabrdan əvvəl, nə də sonra Ermənistana müdaxilə etmək kimi planı yoxdur, başımız işğaldan azad olunan ərazilərdə quruculuq işlərinə qarışıb. Bundan başqa şərti sərhəddə strateji yüksəkliklər nəzarətimiz altındadır, bundan artığı bizə lazım deyil. O başqa məsələ ki, Paşinyanın tam nəzarət edə bilmədiyi Ermənistan ordusundakı “5-ci kolonun” hərbçiləri yenə Azərbaycan tərəfə atəş açarlarsa, bunun onlar üçün ağır nəticələri olacaq və bu halda qarşı tərəf həqiqətən ərazi itkisi ilə üzləşə bilər".
Politoloq daha sonra əlavə edib ki, Nikol Paşinyan və onun ətrafı COP-29-dan sonra müharibə və növbəti məğlubiyyət təhlükəsindən bu qədər qorxurlarsa, bunun sadə yolu var: "Paşinyan Konstitusiyaya vəd etdiyi dəyişiklikləri reallaşdırmalı, ən azı referendum yolu ilə qonşuların ərazilərinə iddia edən bəndləri əsas qanundan çıxarmalıdır. Bu noyabdan əvvəl və sonra müharibə ehtimalını ortadan qaldıracaq. Bir şərtlə ki, Paşinyan ordusunu da təxribatçı elementlərdən təmizləsin. Çünki hətta sülh sazişi Ermənistan ordusundakı təxribatçıları Azərbaycanın mövqelərinə atəş açmaqdan dayandırmaya bilər",- deyə E.Şahinoğlu fikrini tamamlayıb.
Tahirə AĞAMİRZƏ