22.11.2024, 09:27
AZ EN
03.06.2024, 10:15 352

COP 29-un dünya və Azərbaycan üçün əhəmiyyəti

YAZILAR
  • “Conference of the Parties” tərcümədə Tərəflər Konfransı mənasını verən və abreviaturası COP kimi tanınan beynəlxalq əhəmiyyətli tədbir bir çox iqlim dəyişikliyi məsələlərinin müzakirəsini və onların həll yolları üçün konkret addımlar atılmasını təmin edir.

Tərəflər Konfransı 1992-ci ildə bağlanan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası sazişinin icrasına nəzarət edən ali qərarverici orqandır. BMT-nin 5 regional qrupu - Afrika, Asiya, Latın Amerikası, Karib hövzəsi və Avropadan qoşulmuş 198 ölkənin (tərəfin) əsas öhdəliyi “iqlim sisteminin məruz qaldığı təhlükəli antropogen (insan) müdaxilələrin” qarşısını almaq üçün həyata keçirilən könüllü tədbirlər toplusundan ibarətdir. Ölkələr növbə ilə illik tədbirə sədrlik edir, hökumət nümayəndələri inkişaf haqqında hesabat verir, aralıq məqsədlər qoyur, qlobal fayda gətirən elmi və texnoloji nailiyyətləri bölüşmək üçün sazişlər bağlayır və siyasətlə bağlı danışıqlar aparırlar. Bundan əlavə, illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın fərqli ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışır və bu tədbirin gündəliyini müəyyən edir. Nazirlər və diplomatlar növbəti COP tədbiri - əsas iqlim konfransı üçün gələcək prioritetləri müəyyənləşdirirlər. COP adında göstərilən rəqəm tədbirin sayına işarədir və ilk tədbir 1995-ci ilin martında Almaniyanın Berlin şəhərində baş tutub. Ötən ilin dekabrın 11-də Dubayda keçirilmiş COP28-in plenar iclasında Şərqi Avropa ölkələrinin yekdil rəyi əsasında qəbul edilmiş qərarla COP tədbirinin 29-cu sessiyasına bu il ölkəmiz paytaxt Bakıda ev sahibliyi edəcək.

2024-cü il 11-22 noyabrda Azərbaycanda baş tutacaq olan COP29 ölkəmizin yaşıl enerji sahəsindəki fəaliyyətinin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. Təsadüfi deyil ki, məhz bu qlobal forumla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Dekabrın 15-də Azərbaycan hökümətinin üzvləri ilə COP29 barədə ilk müşavirəni keçirən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “ehtimallara görə, təqribən 70-80 min xarici qonaq” iki həftə ərzində Azərbaycanda olacaq. Bundan əvvəl Azərbaycanın keçirdiyi ən böyük beynəlxalq tədbir Avropa Oyunları olub ki, o zaman 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq ölkəyə gəlib. COP29-da isə on minlərlə xarici qonaq qarşılanacaq. COP tədbirlərində getdikcə daha çox ölkə, təşkilat və fərdlər iştirak edir, bu isə qlobal iqlim dəyişikliyinin həllində COP konfranslarının artan əhəmiyyətini vurğulayır, həmçinin bu cür nüfuza malik və qlobal status ifadə edən forumun ölkəmizdə yaşıl enerjiylə bağlı geniş perspektivlərə yol açacağı gözləniləndir.

“Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir, həmçinin Azərbaycan bərpaolunan enerji mənbələri üzrə də yüksək potensiala malik olan ölkələrdəndir. Sözsüz, Azərbaycanın yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi həyata keçirdiyi fəaliyyətlərlə də sübut etmək olar. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri “təmiz ətraf mühit” və “yaşıl artım”la bağlıdır. Bu isə yaşıl iqtisadiyyata keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bu prioritetlər qəbul edilənə qədər 2020-ci il yanvarın 9-da Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı müqavilə, 2022-ci il martın 15-də isə Bakıda “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində “Masdar” şirkəti ilə dörd anlaşma memorandumu imzalanıb.

Həmçinin 2022-ci il dekabrın 15-də Azərbaycanın Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında ölkəmizdə bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

COP29-un gündəmində dayanan əsas məsələnin sürətlə irəliləyən iqlim dəyişikliyi olduğunu nəzərə alaraq deyə bilərik ki, 1990-cı ildən hal-hazırki günə qədər Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı mühüm strateji tədbirlər planı həyata keçirilmişdir. Bunlara aşağı karbonlu texnologiyaların qəbulu, enerji səmərəliliyinin təkmilləşdirilməsi, bərpa olunan enerji mənbələrinin təşviqi və tullantıların səmərəli idarə olunması təcrübələrinin tətbiqi daxildir. Bundan əlavə, ölkənin iqlimlə bağlı fəaliyyət təşəbbüsləri çərçivəsində meşə sahələrinin genişləndirilməsi və meşələrin mühafizəsinin gücləndirilməsi üçün səylər göstərilmişdir.Bütün bunları kompleks şəkildə nəzərdən keçirsək, Azərbaycan apardığı məqsədyönlü enerji siyasəti,coğrafi şəraiti və bu sahədə gördüyü işlər sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tamamilə layiqdir.COP29 təkcə Azərbaycanın dayanıqlı enerjinin gələcəyini necə yönləndirdiyini göstərməyəcək, həmçinin mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və yaşıl iqtisadiyyata nə dərəcədə prioritet sahə kimi yanaşdığını nümayiş etdirəcək.

 

 

Elmira YUSİFOVA,

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili, 690 saylı qrup tələbəsi

 

 

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR