08.09.2024, 07:09
AZ EN
17.06.2024, 21:38 245

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırıb

YAZILAR
  • Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsinin başlanğıcı oldu. Bu tarixi sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanıb və iki qardaş ölkənin strateji əməkdaşlığını bütün dünyaya bəyan edir. Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu simvolizə edir.

Bu fikirləri Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırmış oldu. Bu sənəd iki ölkə arasında münasibətlərin bütün sahələrdə davamlı inkişafını təmin edir və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Müttəfiqlik münasibətləri siyasət, beynəlxalq əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi bölgədə əhatəli sülhə və inteqrasiyaya yol açdı və bu prosesləri stimullaşdırdı. Bu sənəd əraziyə yeni sərmayə cəlb edərək regionun iqtisadi potensialını artırmağa və yeni iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır. Şuşa və ətraf ərazilərin turizm imkanlarının inkişafı da əməkdaşlığın yeni perspektivləri arasında yer alıb.

Deputat onu da əlavə edib ki, Bəyannamə Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunu artırır. Bu sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr və digər təşəbbüslər ölkələrin beynəlxalq səviyyədə nüfuzunu daha da gücləndirir. “Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında münasibətlərin gələcək inkişaf xəritəsini də müəyyən etmiş oldu. Bəyannamənin icrası daha yüksək səviyyəli işbirliyinin təminatıdır. Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarının Bəyannamədə yer alması siyasi ənənələrə böyük ehtiramın göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında da iki qardaş ölkə sıx əməkdaşlıq edir. Zəngəzur dəhlizi kimi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik layihələr bu əməkdaşlığın bir nümunəsidir.

Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi Azərbaycan və Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Bu, həmçinin Azərbaycan və Türkiyənin milli gücünün artmasını və dünyada söz sahibi kimi mövqeyinin möhkəmlənməsini təmin edir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

S.Mikayılova qeyd edib ki, Bəyannamədə xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsinin artırılması və diplomatik səylərin birləşdirilməsi də nəzərdə tutulur. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək üçün media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsi vacibdir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin dərinləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm bir addımdır. Bu sənəd iki ölkə arasında strateji tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, bölgədə və dünyada sülh və sabitliyə töhfə verir. (AZƏRTAC)

Oxşar xəbərlər