20.04.2025, 10:28
AZ EN
04.04.2024, 15:40 323

Hikmət Babaoğlu: “Entoni Blinkenin Prezident İlham Əliyevə zəngi Azərbaycanın nüfuzunun göstəricisidir”

YAZILAR
  • Aprelin 3-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Entoni Blinken aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbayan tərəfində narahatlıq doğurduğuna dair xəbərlər alındığı və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Məsələ ilə bağlı “İTV-Xəbər”ə açıqlama verən millət vəkili Hikmət Babaoğlu bildirib ki, 5 apreldə Brüsseldə keçiriləcək görüş öncəsi Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidentinə zəng etməsi olduqca müsbət hadisədir və heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzu ilə bağlıdır: “Azərbaycanın mövqeyinin Amerika Birləşmiş Ştatları tərəfindən diqqətə alınmağı ilə bağlıdır. Çünki  Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə belə bir  görüşün keçirilməsi ilə bağlı öz narahatçılığını ifadə etmişdir. Ona görə də  düşünürəm ki, bu, ABŞ-ın dövlət katibinin, Amerika Birləşmiş Ştatlarının Azərbaycana hər şeydən öndə diqqətinin göstəricisi kimi qiymətləndirilməlidir. Azərbaycanla əməkdaşlığa yüksək qiymət verməsinin göstəricisidir. Üstəlik, Blinkenin ifadə etdiyi o fikir çox əhəmiyyətlidir ki,  keçirilən üçtərəfli görüş Azərbaycana qarşı deyil”. Millət vəkili daha sonra əlavə edib ki,  ancaq bu yalnız məsələnin bir tərəfidir: “Biz bilirik ki, məsələnin başqa tərəfləri də var. Əgər görüş tutaq ki, Azərbaycana qarşı olmasa belə,  Ermənistanın iqtisadi baxımından, inkişaf etdirilməsinə, iqtisadiyyatının şaxələndirilməsinə onların ifadə etdikləri kimi hesablansa belə  bu, özlüyündə yenə Ermənistanın  gücləndirilməsi deməkdir. Yəni  iqtisadi yüksəliş nəticə etibarilə  əlbətə ki, hərbi yüksəlişə gətirib çıxaracaqdır. Bu mənada düşünürəm ki,  qarşı tərəfdə, yəni zəng edən tərəf də  Azərbaycan Prezidentinin narahatçılığını və fikirlərini bundan sonra da  diqqətə almalıdır. Amma, əlbəttə, Azərbaycan Prezidenti ifadə etdi ki, biz bu görüşün təxirəsalınmasını istədik, bu həyata keçmədi. Amma özlüyündə yenə də belə bir dialoq mühümdür.  Üstəlik də Amerika Birləşmiş Ştatlarının, Qərbin, xüsusən də Fransanın Ermənistanı silahlandırması ilə bağlı  ifadə edilən narahatlıqlar düşünürəm ki, lazımi ünvanların diqqətinə çatdırıldı. Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, burda bu prosesi idarə edən Fransadır.  Bütün bunlar Fransanın təşəbbüsü ilə həyata keçirilir. Fransa beynəlxalq münasibətlərdə Azərbaycanı yalnızlaşdırmağa cəhd göstərir. Azərbaycanı yalnızlaşdırmaq siyasəti həyata keçirir. Bunun üçün Fransanın bu günə qədər oynadığı bütün kartları vurulub. Ən son Hollandiya vasitəsi ilə belə bir təşəbbüs əldə etdi. O da sıradan çıxdı. Ən son Almaniyanı özünün bu  neokolorist siyasətinə alət etməyə çalışdı, Azərbaycan Prezidnti Münhenə səfər etməklə bunu da neytrallaşdırdı. İndi isə 5 apreldə keçiriləcək görüş ərəfəsində  Azərbayan Prezidenti ilə  ABŞ-ın dövlət katibi arasında olan telefon danışığı düşünürəm ki, burda da Fransanın mövqeyini xeyli zəiflədəcək mühüm komponent kimi çıxış edəcək”,- deyə Hikmət Babaoğlu vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər