Politoloq qeyd edib ki, Almaniya və Azərbaycan arasında təmasların intensivləşdiyi bir vaxtda qərəzli və ermənipərəst təbliğat tədbirinin təşkili düşündürücü suallar doğurur.
O xatırladıb ki, Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri Almaniyada həmin tədbirin keçirilməsinə etiraz məktub ünvanlayıblar:
“Maraqlıdır ki, Qarabağ mövzusu artıq bitib və Qarabağ erməniləri ilə bağlı məsələ də Azərbaycanın daxili işidir. Özünü artıq danışıqlarda üçüncü tərəf sayan Almaniyada - Avropa İttifaqının mərkəzində belə bir tədbir keçirilməsi göstərir ki, bu ölkə Fransanın səhvlərini real olaraq davam etdirə bilər. Almaniya kansleri Olaf Şoltsun yeni bir imic qazanması üçün imkan yaranıb. Həm Emmanuel Makron, həm də Şoltsun Ukraynada müharibənin başlamaması üçün apardıqları danışıqlar nəticə verməmişdi, iflasa uğramışdı. Almaniya, Fransada da çox yaxşı bilirlər ki, Qarabağ erməniləri ilə bağlı nə qərar çıxarsalar, nə tədbir keçirsələr bölgədəki proseslərin qarşısını ala bilməzlər”.
Z. Məmmədov hesab edir ki, həmin tədbiri maliyyələşdirənlərdən biri "Soros Fondu"dur.
Onun sözlərinə görə, "Soros Fondu" Ermənistanda Nikol Paşinyanı hakimiyyətə gətirib, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında bütün inqilablara rəhbərlik edib, amma Azərbaycanda son 20 ildə istəyinə çata bilməyib: "O, Azərbaycan siyasi hakimiyyətinə təzyiq etsə də, burada özünə yaxın bir siyasi elita qura bilməyib, ona görə də ölkəmizə qarşı xüsusi nifrəti və qəzəbi var".
Politoloq söyləyib ki, Berlində martın 6-da tədbir keçiriləcəyi halda Azərbaycan-Almaniya münasibətlərinə pis təsir edəcək: “Qərb bizi görəndə bir söz deyir, biz olmayanda isə tamamilə başqa addımlarla məşğuldur. Bu, birbaşa Berlin-Bakı münasibətlərinə ziddir. Amma son sözü Almaniyanın siyasi rəhbərliyi deməlidir. Onlar imkan verməməlidirlər ki, belə "fond"lar, şəxslər tərəfindən təxribatçı tədbirlər keçirilsin. Həmin tədbirin keçirilməsi sülh prosesinə ciddi zərbə vuracaq bir hadisə kimi qiymətləndirilməlidir. Ümumilikdə isə onların nə etməsindən asılı olmayaraq, Azərbaycan öz yoluna davam edəcək. Amma belə təxribatlar, addımlar Ermənistanın Cənubi Qafqazın gələcək xəritəsində varlığını sual altında qoyur”. (Report)