- Ermənistanın İnsan Haqqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Siranuş Sahakyan "Hraparak"ın müxbiri Hayk Gevorkyanla söhbətində deyib ki, dekabrda 2 azərbaycanlı əsirlə 32 erməninin dəyişdirilməsi uzun müddət davam edən danışıqlar nəticəsində baş tutub. O, həmin 32 ermənini həyasızcasına günahsız, 2 azərbaycanlını isə "diversant, adam öldürən" kimi tanıdığını bildirir və "sübut" üçün necə deyərlər dəridən-qabıqdan çıxır. Separatçı rejimin Bakıda istintaq təcridxanasında olmasına da hay sayağı münasibət sərgiləyən Siranuş onların ailələri ilə telefon danışığı vaxtlarının guya az olmasını da insan haqlarının pozulması kimi izah etməyə çalışır və deyir ki, həmin "rəhbərlər" mənəvi sıxıntı keçirirlər. Adının əvvəlində "beynəlxalq dərəcəli hüquqşünas" yazılan bu erməni qadın yəqin unudub ki, təcridxana konsert salonu deyil.
Azərbaycanla Ermənistan arasında keçirilən danışıqlarda ermənilərin tutduğu mövqeyi bəyənən bu hüquqdan xəbərsiz qadın onu da vurğulayıb ki, həmin separatçıların məsələsi danışıq predmeti olmalıdır. Bundan başqa Azərbaycan itkin düşən erməniləri ya tapmalı, ya da kompensasiya ödəməlidir. Gülməli sayıqlamadır. Məgər Ermənistan 4 mindən çox itkinimiz üçün kompensasiyamı ödəyib? Dağıdılmış şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindənmi bərpa ediləcək? Bu səpkili suallar çoxdur. Amma bu da həqiqətdir ki, Azərbaycan qalib, Ermənistan isə məğlub tərəfdir. Ən yüksək vəzifələrindən adi çobanına qədər hər bir hay bu reallığı dərk etməyincə isə başları çox yumruq görəcək.
N.Qaramanlı