21.11.2024, 21:51
AZ EN
05.09.2023, 14:02 294

Qarabağda Vardanyanın təbliğinə başlanır...

YAZILAR

Qarabağa gəlişindən sonra Arutyunyanın əsas rəqibinə çevrilən Ruben hansı yolla olursa-olsun, separatçılara liderlik etməyə iddialıdır

  • Rusiya hökumətinin təlmatı əsasında 44 günlük müharibədən sonra Qarabağa gələn və qısa müddətdə separatçı rejimin “rəhbərliyi”ndə təmsil olunan Ruben Vardanyanın Azərbaycan ərazisini tərk etmək istəməməsinin əsil səbəbi açıqlanıb. Məlum olub ki, uzun müddət Rusiyada biznes fəaliyyəti ilə tanınan və erməni ictimaiyyətinə gah “milyarder”, gah “iş adamı”, gah da “xeyriyyəçi” kimi təqdim olunan Vardanyan rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ bölgəsində indiyədək 700 milyon dollardan çox pul xərcləyib.

“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Ermənistandakı Tert.am saytının yaydığı videomaterialda bildirilir ki, Qarabağa gəlişindən az sonra müəmmalı şəkildə separatçı rejimin qondarma “dövlət naziri” postuna yiyələnən erməni əsilli rusiyalı milyarder həm Qarabağda, həm də İrəvan və başqa bölgələrdə çoxlu sayda layihələr həyata keçirib. Hər birinin dəyəri orta hesabla 1 milyon dollar olan layihələrin əksəriyyəti beynəlxalq sənədlərdə Azərbaycanın suveren ərazisi kimi təsbit edilmiş Qarabağ bölgəsində, digər qismi isə Ermənistan ərazisində icra olunub.

“Ruben Vardanyan 20 ildən artıqdır ki, Ermənistana və “Artsax” (erməni separatçıları Qarabağ bölgəsinin adını dəyişərək bu cür adlandırır) əhalisinin rahat yaşamasına xidmət edir. İndiyədək o, 700 layihə həyata keçirib, 700 milyon dollardan çox sərmayə qoyub”, – deyə erməni siyasətçi, Ermənistanın “Aprelu Yerkir” partiyasının sədri Mane Tandilyan bildirib.

Mane Tandilyan bununla həm də Rusiyadan aldığı təlimat əsasında Qarabağa göndərilən Vardanyanın Ermənistanın siyasi elitasında nə dərəcədə önəmli fiqur olduğuna diqqət çəkir. Ümumiyyətlə, separatçıların lideri Araik Arutyunyanın devrilməsindən sonra Xankəndidə və İrəvanda Vardanyanın təbliğinə daha çox rast gəlinir. Bildirilir ki, Qarabağa gəlişindən dərhal sonra Arutyunyanın əsas rəqibinə çevrilən Ruben hansı yolla olursa-olsun, separatçılara liderlik etməyə iddialıdır. Separatçı rejimin keçmiş “dövlət naziri”nin əsas dəstəkçilərindən biri məhz Mane Tandilyandır.

Rəqibləri isə əksinə, Rusiyanın adamı kimi tanınan Vardanyanın “hakimiyyət”ə yiyələnməsinin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Erməni mətbuatının yaydığı məlumatlardan belə nəticə çıxır ki, Vardanyanın “hakimiyyət” hərisliyinə qarşı mübarizə aparan əsas fiqurlardan biri Arutyunyanın öz istefasından əvvəl “dövlət naziri” təyin etdiyi Samvel Şahramanyandır. Elə Qarabağdakı qondarma “respublika”nın “rəhbərliyi”nə də 32 yaşlı Samvelin gətiriləcəyi istisna olunmur.

Araik Arutyunyanın yaxın qohumu olan Şahramanyanı həm də Ermənistan müxalifətinin güclü nümayəndələrindən sayılan sabiq prezident Serjik Sərkisyan da dəstəkləyir. Bildirilir ki, qondarma “təhlükəsizlik şurası”nın keçmiş katibi və hazırda “dövlət naziri” vəzifəsini tutan Şahramanyan bir sıra səbəblərə görə Qarabağda hakimiyyətə iddialı olan şəxslər arasında konsensus namizədə çevrilib.
“Çünki o, heç bir siyasi partiyada təmsil olunmur, indiyədək tutduğu vəzifəyə görə daxili çəkişmələrə və klanlararası intriqalara qarışmayıb. Məhz buna görə də Şahramanyanın Xankəndidə və İrəvandakı siyasi dairələrdə hörməti var. İndiki gərgin və qarışıq şəraitdə onun namizədliyi məsələsində ortaq konsensus var. Həm Qarabağda, həm də Ermənistanda Şahramanyanın “Artsax”ın keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın namizədi olduğu nə qədər deyilsə də, reallıq bir az fərqlidir. Məsələ ondadır ki, Araik Arutyunyan və digər siyasi qüvvələr, o cümlədən parlamentdənkənar qüvvələr də Şahramanyana rəğbət bəsləyirlər. Üstəlik, başqa planları olan Samvel Babayan da ona qarşı heç bir siyasi iddiasının olmadığını gizlətmir. Çünki Şahrammanyanın həll etmək istədiyi problemlər proqram xarakterlidir və “Artsax”ın gələcəyi ilə bağlıdır”, - deyə Ermənistandakı “Faktinfo” nəşri yazır.

Göründüyü kimi, Ermənistandan Qarabağa “humanitar yardım” daşıyan TIR-ların uzun müddətdir “Laçın” sərhəd keçid məntəqəsindən buraxılmaması, Fransadan gətirilən yüklərin də eyni aqibətlə üzləşməsi separatçıları çıxılmaz vəziyyətə salıb. Xüsusilə Arutyunyanın istefasından sonra Xankəndində siyasi gərginliyin artması fonunda separatçı dəstələr arasında ixtilaflar son mərhələyə çatır. Qondarma rejimin uydurma “müstəqillik günü”nü qeyd edə bilməməsi də separatçı liderlər arasında aylardır düşmənçilik həddinə çatan intiriqaları dərinləşdirib. İş o yerə çatıb ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il müddətində Fransa ilə yanaşı daha çox Rusiyaya arxalananan Ermənistan və onun Qaarabağdakı terrorçu-separatçı dəstəsi Kremlə qarşı da siyasi kampaniya aparmağa başlayıblar. Rusiya rəsmilərinin Paşinyanın Brüssel və Vaşinqton görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanınması və “Qarabağ Azərbaycandır!” bəyanatını xatırlatmasına görə.

Elxan SALAHOV

Oxşar xəbərlər