22.11.2024, 18:06
AZ EN
04.09.2023, 17:19 338

Deputat: Paşinyan mövqelərində hər zaman sərt transformasiyalar edib

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 2-də Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməklə mahiyyət etibarilə yeni mövqe sərgiləməyib. Yaxşı məlumdur ki, Paşinyan mövqelərində hər zaman sərt transformasiyalar edib, onun fikirlərində mütəmadi olaraq paradoksallıq müşahidə olunub. Xatırlatmaq yerinə düşər ki, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlardan qondarma separatçı rejimi ayrıca subyekt kimi təqdim etməyə çalışıb. Belə bir fikir səsləndirib ki, qondarma Dağlıq Qarabağ separatçı rejimi Azərbaycanla özü danışıqlar aparmalıdır. Bu o deməkdir ki, Paşinyan elə o vaxtdan separatçıları ayrıca müzakirə tərəfi kimi dövriyyəyə qatmaq istəyib. Mahiyyət etibarilə, Paşinyanın bu addımları separatçıların müstəqil subyektə çevrilməsinə xidmət cəhdləridir.

Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra, həmçinin separatçıların müstəqil bir subyekt kimi qəbul olunması istiqamətində fəaliyyət də müəyyənləşdirib. Yəni, Paşinyan heç vaxt Azərbaycanın ərazi bütövlüyünü səmimi şəkildə tanımayıb. Sadəcə, ölkəmizin yaratdığı reallıqların təsiri altında bir sıra deklarativ bəyanatlar veribdir ki, guya Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Son açıqlamasında isə separatçıların statusundan danışmaqla əsl mövqeyinin nədən ibarət olduğunu bir daha nümayiş etdirib. Ermənistan heç vaxt öz xoşu ilə Azərbaycanla sülh sazişi imzalamayacaq. Paşinyanın sələfləri də eyni mövqedən çıxış edir, müzakirələrdə iştirak edərək imitasiyalarla məşğul olurdular. Özlərini məsələləri danışıqlar yolu ilə həll etməyə hazır kimi göstərsələr də reallıqda tamamilə fərqli – işğalçı və təcavüzkar mövqedə dayanırdılar. Paşinyan da sələfləri kimi işğalçı və təcavüzkar təfəkkürə sahib olduğunu hər addımda nümayiş etdirir.

“Paşinyanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bir sənəd imzalanarsa, orada separatçı rejimin hansısa statusu da öz ifadəsini tapsın. Bu, həm də Paşinyanın geosiyasi oyunun aləti olduğunu göstərir. Ermənistanın baş naziri onu hakimiyyətə gətirən Qərb dairələrinin təlimatları əsasında, regionda gərginliyin qalmasında maraqlıdır. Çünki bu şəkildə həmin dairələrin Cənubi Qafqaz regionuna müdaxilə imkanlarının qalacağını başa düşür. Ona görə də Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı səsləndirdiyi fikirlərdə qətiyyən səmimi olmadığını açıq şəkildə nümayiş etdirdi. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə aqressivcəsinə şübhə altına salan bəyanatlar səsləndirməsi onun öz fikirlərinə belə hörmətsiz yanaşdığını göstərir. Paşinyan heç vaxt səmimi olmayıb və bundan sonra da olmayacaq. Belə olan halda isə Azərbaycan Ermənistanı sülhə məcburetmə strategiyasını daha intensiv və sistemli şəkildə həyata keçirməlidir”, - deyə Milli Məclisin deputatı qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər