22.11.2024, 02:34
AZ EN
25.02.2022, 13:00 171

Ermənistan problemlərini həll edə bilmir

YAZILAR

Fevral ayının son həftəsi də Ermənistanda yeni çaxnaşmalarla müşaiyət olunub. Bu və ya digər olaydan obyektiv nəticə çıxarmaq əvəzinə özlərinə xas hay-küyçülüklə ajiotaj yaratmağa öyrəncəli olan ermənilər bu həftə İrəvanda keçirilən «Avronest» parlament asambleyasının komitə iclaslarında iştirak edən azərbaycanlı deputatlara qarşı münasibətdə, «Hraparak» qəzetinin yazdığı kimi, yeni «ideyalar» müəllifinə çevriliblər. Belə ki, hələ azərbaycanlı deputatlar gəlməmişdən öncə müxalif deputatlar müxtəlif fikirlər səsləndirərək bu beynəlxalq təşkilatın işini pozmağa cəhd edirdilər. İqtidar komandası və deputatları isə azərbaycanlı deputatların İrəvana buraxılmamasının beynəlxalq qanunlara zidd olduğunu və bunun Ermənistanın imicinə zərbə vuracağını bildirirdilər.

Məlum olduğu kimi, azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov sözü­gedən assambleyanın iclaslarında iştirak və çıxış etmişlər. Buna qədər isə Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna, Moldava, Gürcüstan və Azərbaycan nümayəndələrini qəbul etmiş, onları və Ermənistan parlamentində təmsil olunan iqtidar və müxalifət nümayəndələrini rəsmi ziyafətə dəvət etmişdir.

Koçaryanın «Hayastan» blokuna daxil olan müxalif deputat Artur Xaçaturyan və onun məsləkdaşları həmin ziyafətdən imtina etmiş və bildirmişlər ki, «türklərlə bir süfrədə oturmağı özlərinə yaraşdırmırlar». Həmin deputat mətbuata müsahibəsində bildirib ki, «azərbaycanlılar donuz əti yedi, ya araq içdi, bizi maraqlandırmır». Onun bu fikirləri bəzi ermənilər arasında ironiya ilə qarşılanıb. Bununla bağlı yazılan bir şərh isə diqqəti cəlb edir. Svetlana Xaçatıryan adlı sosial şəbəkə istifadəçisi yazır ki, «iranlı din adamları azərbaycanlıları çaxır içməkdə, Artur Xaçaturyan isə araq içməkdə suçlayır. Amma bütün hallarda həmin deputatların böyük risk sahibi olduqlarını onların İrəvanda Ermənistan siyasilərinə qarşı bildirdikləri tənqidi fikirlər sübut edir».

Azərbaycanlı deputatlar Tahir Mirkişili ilə Soltan Məmmədovun İrəvandakı Göy məscidə baş çəkmələri və məscidin həyətində şəkil çəkdirərək sosial şəbəkədə yaymaları, bu məsciddə Azərbaycan ruhunun hələ də mövcud olduğunu bildirmələri İranın Ermənistandakı səfirinin ənənəvi qəzəbi ilə qarşılanıb. Hərəkətləri ilə müsəlman olmadığını dəfələrlə sübut edən bu sasani tör-töküntüsü bildirib ki, «həmin məscid şiə-İran xalqına məxsusdur». Tarixdən və dindən çox uzaqda olan, fətvalarla oturub-duran bu «diplomat» bilməlidir ki, İrəvandakı Göy məscid Qaraqoyunlu hökmdarı, şair Cahan şah tərəfindən inşa edilib və xalqın istifadəsinə verilmişdi. Bu tarixi gerçəkliyi bir daha vurğulamağa ehtiyac var ki, Qaraqoyunlu dövlətinin sasani farsçılığa xidmət edən şiəliklə heç bir bağlılığı yoxdur. Təəssüf ki, bu həqiqəti xalqın vəsaiti hesabına varlanan Azərbaycandakı din xadimləri də qəbul etmək istəmirlər. İrəvan barədə erməni və İran «alim»lərinin «həqiqətləri» birbaşa Azərbaycan və Türkiyəyə qarşı yönəldilmiş təxribatçı uydurmalardan başqa bir şey deyil.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 22-də Moskvaya səfəri, Rusiya Prezidenti Vladimir Putinlə məlum bəyannamə imzalanması da Ermənistanın kütləvi informasiya vasitələrində əsas mövzulardan birinə çevrilib. Fevralın 23-24-də işıq üzü görmüş bütün qəzetlərdə həmin məsələyə münasibət bildirilir və bu münasibətlər heç də reallığı əks etdrimir.

Ermənilərin bəziləri Rusiya ilə Azərbay­can arasındakı bu müqavilənin Ermənistan maraqlarına qətiyyən uyğun gəlmədiyini bildirirsə Stepan Qriqoryan kimi «müstəqil siyasi analitiklər» sözügedən müqavilənin Azərbaycan üçün daramatik olaylar mənbəyinə çevriləcəyini vurğulayırlar. Amma bu müqaviləni Azərbaycanın söz yiyəsi olduğunu və Cənubi Qafqazda lider dövlət statusu qazandığını təsdiq edən sənəd kimi də xarakterizə edənlər var.

Tarix üzrə professor, siyasi icmalçı Amren Ayvazyan isə öz «Facebook» hesabında yazıb ki, «yaxın günlərdə dünya siyasətində güclü zəlzələ baş verə bilər. Rusiya Donbasdakı «respublikaları» rəsmən tanıması ilə bu zəlzələnin baş vermə gününü yaxınlaşdırdı. Ermənistan isə 2021-ci ildəki problemlərini 2022-ci ildə də həll etmək iqtidarında deyil və ölkədaxili narazılıqlar getdikcə artaraq siyasi qarşıdurmanın dərinləşməsinə gətirib çıxara bilər.

Erməni KİV-ləri onu da bildirirlər ki, Ermənistan gənclər ittifaqı Azərabycanlı deputatların qaldıqları otelin qarşısına toplaşaraq içəriyə daxil olmağa cəhd göstərmələrinin qarşısı polis tərəfindən alınıb və «Yerqir media»nın repartiyorunun da daxil olduğu onlarla adam saxlanılaraq polis idarəsinə gətirilib. «Osmanqızı TV»-də Əli Kərimli, Cəmil Həsənli, Arif Yunus kimi antiAzərbaycan mövqeli «siyasətçilərin» Azərbaycan haqqında dedikləri şər və böhtanlar isə ermənilər tərəfindən yenə də fakt kimi qəbul edilir və bu və ya digər məsələlərin müzakirəsi zamanı işlədilir. Həmin şəxslərin el təbirincə desək, düşmənə güllə daşımalarının qarşısı nə vaxt alınacağı bilinməsə də, görünən odur ki, onlar Azərbaycana qarşı erməni revaşçıları ilə eyni sırada addımlayır.

Qəzetimizin ötən saylarında dərc etmişdik ki, Ermənistanda 44 günlük müharibə zamanı dövlətə xəyanət maddəsi ilə 24 nəfər istintaqa cəlb edilib və onların ikisinin işi artıq məhkəmədədir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu məsələ ilə bağlı münasibət bildirərək deyib ki, hazırda ölkədə baş verən qarşıdurmanın dərinləşməməsi üçün sözügedən istintaq əməlləri müvəqqəti də olsa dayandırılmalıdır. Bu bir sıra sosial-şəbəkə istifadəçiləri tərəfindən dəstəklənir və ümumiyyətlə, sözügedən prosesin tarixin arxivinə atılmasının vacibliyi də bildirilir.

«Hraparak» qəzetinin 24 fevral tarixli sayında dərc edilmiş «Arsax öz seçimini edib» sərlövhəli yazıda isə bu separatçı qurumun nəyəsə ümidli olaraq, öz mövcudluğunu saxlaması barədə danışılır. Bir daha vurğulayaq ki, Qarabağdakı ermənilərin liderləri yalnız dəmir yumruğumuzun zərbəsi ilə susa bilər.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR